Gülcamal nənənin evində gizlədilən cəbhəçilər||--||


Gülcamal nənənin evində gizlədilən cəbhəçilər||--||

Ötən sayımızda Lənkəran cəbhəçilərinin o vaxtkı lideri Hüseynqulu Məmmədovun 90-cı ilin Lənkəran faiciəsi yazısından aydın olduğu kimi, 20 yanvar hadisələrindən sonra rus qoşunları Lənkərana soxulmuş, əvvəl müxalifət liderləri ilə anlaşma əldə etsələr də, sonradan meşədəki cəbhəçilərə hücum etmiş, nəticədə 5 nəfər müxalifətçi meşədəki atışma zamanı, bir nəfər isə helikopterlə Bakıya aparılarkən boğazına keçirilən ipdən boğularaq ölmüşdü. Bəs sonradan nələr oldu? Bu barədə Masallı rayonunun Sığdaş kənd sakini, qəzetimizin əməkdaşı Mətləb Dadaşov danışır:

- Həmin vaxt ölkədə, eləcə də cənub regionunda olan hadisələri olduqca diqqətlə və həyəcanla izləyirdik. Bu gün tam susqunluq içərisində olsalar da, o vaxt Lənkəran ən fəal və mübariz müxalifətçilərin meydanına çevrilmişdi. Onların həmin günlərdəki fəaliyyəti əsil qəhrəmanlıq və fədakarlıq nişanəsi idi. 26 yanvar 1990-cı ildə Lənkəran qırğınından sonra, daha dəqiq desək, elə 26-sı yanvar günü mən də Lənkərana getmişdim. Hər yerdən həyəcanlı xəbərlər gəlirdi. Əvvəl eşitdik ki, Lənkəran cəbhəçiləri silahsız vəziyyətdə meşəyə gediblər ki, orada silahlı dəstəsi ilə gizlənən Əlikram Hümbətovla danışıqlar aparsınlar. Sonra məlum oldu ki, artıq rus qoşunları Əlikramın dəstəsi ilə atışmağa başlayıb və hər iki tərəfdən ölənlər var. Hamı çaşqın vəziyyətdə idi. Belə hesab edirdilər ki, rus əsgərləri meşədəki dəstəni zərərsizləşdirəndən sonra şəhər mərkəzində ən fəal cəbhəçiləri də həbs edib onlara işgəncə verəcəklər. Buna görə həmin fəal cəbhəçiləri Lənkərandan qaçırmağı qərara aldıq. Mən, cəbhəçilər Arif bəyi, Rahim bəyi, İltifat bəyi, Hüseynqulu bəyi və başqalarını öz maşınıma mindirib, necə deyərlər, döyüş zonasından, Haftonidən çıxartdım. Əvvəl Lənkəranın kəndlərinin birində gizləndik ki, qaranlıq düşsün. Hava qaralandan sonra, elə həmin günün axşamı Lənkərandan Masallıya gəldik. Hüseynqulu bəy Kolatan kəndində tələbə dostunun evində bir neçə gün qaldı. Digər cəbhəçiləri isə Sığdaş kəndinə gətirib 70 yaşlı Gülcamal nənənin evində saxladıq. Rahim bəy, Arif bəy və İltifat bəy (adını unutduğum digər bir şəxs, hansı ki, o bir gecə qalıb getdi) bir həftə həmin evdə qaldı. Sığdaş kəndinə sığınan zaman da cəbhəçilər rahat oturmur, fədakarlıqla çalışır, əsil əzmkarlıq göstərir, makinada vərəqələr hazırlayıb, çoxaldıb müxtəlif yerlərə yollayırdılar. Onlar kənddə ola-ola, xalqı ruhlandırmaq üçün Cənub rayonları əlaqələndirmə komitəsi adlı bir təşkilat da yaratdılar. Bu adamlar ən çətin şəraitdə də çalışırdı ki, xalqı ruhdan düşməyə qoymayıb, əhalini ruhlandırsınlar. 6-7 gündən sonra artıq kənddə bir neçə nəfər ərazidə kənar şəxslərin yaşadığından xəbərdar idi. Bunu nəzərə alaraq, biz onları Sığdaşdan çıxardıb Ərkivana gətirdik. Ərkivanda onlar İldırım Nəzərovun və Əlihüseyn Əliyevin evində gizləndilər. Daha sonra isə həmin cəbhəçiləri Sumqayıta yola saldıq. Adı çəkilən şəxslər təxminən 2 aya yaxın müxtəlif yerlərdə gizlənməyə məcbur oldular.

Onu da deyim ki, həmin cəbhəçilər içərisində Rahim Nuriyev təmkini, təşkilatçılığı, natiqliyi və qorxmazlığı ilə daha çox diqqəti çəkirdi.

Bu hadisələrdən 2 il sonra AXC hakimiyyətə gəldi. O vaxtkı Lənkəran müxalifətçilərinin əksəriyyəti yüksək postlarda qərarlaşdı. Hüseynqulu Məmmədov Lənkəran İcra hakimiyyətinin, Rahim Nuriyev Cəlilabad rayon icra hakimiyyətinin başçısı təyin edildi. Arif bəy isə Lənkəran RİH başçısının müavini oldu. İltifat Rəhimov Masallı icra hakimiyyətinə başçı təyin edilsə də əhalinin müqaviməti ilə qarşılaşıb postunda əyləşə bilmədi.

Sonrakı dövrdə Arif bəy ADP, İltifat bəy Müsavat partiyalarının Lənkəran şöbələrinin rəhbəri oldular. Hazırda Arif bəy Vətəndaş Həmrəyliyi Partiyasında çalışır. Rahim Nuriyev müəllimlərin azad həmkarlar təşkilatını yaratsa da, sonradan bu işi sonadək davam etdirə bilmədi. Hüseynqulu bəy isə öz dili ilə desək elmlə və dini araşdırmalarla məşğul oldu. İltifat bəy əvvəl soyadını (Rəhimovu Rəhimli etdi), sonra partiyasını (AXC-dən, Müsavat partiyasına, oradan da AXCP-yə keçdi) dəyişdi. Son illər Biz susmayaq adlı təşkilat yaradandan sonra isə birinci özü susdu və birdəfəlik səs-sorağı gəlmədi.

Bu gün Lənkəran müxalifətçilərinin 90-cı illərdəki fəallığı, cəsarəti böyük qibtə doğursa da, təəssüflə qeyd etməliyəm ki, son illər Lənkəran müxalifəti bölgənin ən zəif müxalifətinə çevrilmək üzrədir. İstər seçki saxtakarlığına, istər məmur özbaşınalığına dözümlülükdə, istər özünü təqdim etməyi bacarmamaqda olduqca pis nümunə göstərir. Dəfələrlə qəzetimiz vasitəsi ilə onları meydana çağırsaq da, orada kimsənin səsi çıxmır.

Ola bilsin ki, kimsə fikirlərimlə razılaşmasın. Buyursunlar, Dəyirmi masa təşkil edək, onlar da desin, biz də. Necə deyərlər, keçmişinə görə sağ ol, amma zəhmət olmasa, bir az da bu günündən danış. Bu gün hansı əməlinlə müxalifətçisən, məni buna inandır.

Yeri gəlmişkən, onu da deyim ki, Lənkəranda, necə deyərlər, diri müxalifətçilərə geniş meydan verilməsə də, 90-cı illərdə şəhid olan cəbhəçilərin abidə-kompleksi yerli icra hakimiyyəti tərəfindən son vaxtlar yüksək səviyyədə təmir və bərpa edilib.




Yazını Mətləb Dadaşovun dedikləri əsasında hazırladı: Pərviz


P.S. Yazıda adı çəkilən şəxslərin sözü olarsa, onlara da qəzetimizdə yer ayırmağa hazırıq. 

R4suloffR4suloff

OXUNMA SAYI :1072

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az