Azərbaycanın ən uzunömürlü paytaxtı - Şamaxı||--||


Azərbaycanın  ən uzunömürlü paytaxtı - Şamaxı||--||

Nadir şah və Şamaxı

Şamaxı barədə ermənilərin hansı məkrli planları var idi?

Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Azərbaycan-Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri olan bu şəhər tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə yerini dəyişmişdir. Antik dövr müəlliflərinin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntılarının nəticələrinə görə Şamaxı şəhərinin ən azı 2500 il yaşı vardır.

Şamaxı adı necə yaranıb?

Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin 1-ci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. E.ə əvvəl II əsr yunan coğrafiyaşünası Klavdi Ptolemeyin “Coğrafiya” əsərində isə Albaniya ölkəsinin 29 şəhəri sırasında Şamaxının adı “Mamaxiya” “Camaxeya” və ya “Kemaxeya” formasında çəkilir. Sonralar mənbələrdə şəhər “Kemaxiya”, “Əşşamaxiyyə”, ərəblər adını dəyişdirdiyi zaman qısa müddət “Yezidiyyə” və sonra yenidən bu günə kimi “Şemaxi” və “Şamaxı” adlandırılmışdır.

IX əsrdən başlayaraq, Şamaxının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsindən sonra bu şəhər haqqında daha çox məlumat verilir. Dövrün ərəb coğrafiyaşünasları, səyyahları Şamaxı şəhərini “Şəməxiyyə” adlandırırlar. Əl-Bəlazuri Şamaxı şəhərinin əş-Şammax ibn Şucanın adını daşıdığını bildirir. Bir sıra tədqiqatçılar isə Şamaxı sözünün “Şam” və “əxi” (Şamın qardaşı) sözündən götürülməsini güman edirlər. Bizim qənaətimizcə isə onun adının, qədim kimak tayfalarının adi ilə bağlı olub, qədim Alban şəhəri “Kemaxeya”dan yarandığı daha düzgündür.

XI əsrin son rübünün əvvəlində naməlum müəllif tərəfindən yazılan "Tarix-i əl-Bab" əsərinə görə, Şamaxı şəhəri Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən bərpa olunaraq paytaxta çevrilmiş və onun şərəfinə Yezidiyyə adlandırılmışdır.

Şamaxı müharibələri və zəlzələləri

1434-cü ildə Qaraqoyunlu hökmdarı İsgəndərin Şirvana hücumu zamanı Şamaxı şəhəri amansızlıqla qarət olunur. XV əsrin 30-80-ci illərində Azərbaycanın nisbətən sabit siyasi şəraitdə olması şəhər həyatının kifayət qədər yüksək inkişafını təmin etmişdir. Qaraqoyunlu hökmdarı Cahanşahın, Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründə şəhərlərin inkişafında xeyli irəliləyiş baş vermişdir. Uzun Həsənin islahatı şəhərlərin, o cümlədən Şamaxı şəhər təsərrüfatının canlanmasında yeni mərhələnin başlanğıcı olmuşdur.

XV əsrdə Şamaxıda 30-60 min nəfər insan yaşamışdır. Bu şəhər Azərbaycan miqyasında ən iri iqtisadi mərkəz idi. Kontarinin verdiyi məlumata görə, Şamaxı həyat üçün əlverişli olan məhsulların çoxluğu baxımından Təbrizdən üstün olmuşdur.

1538-ci ildə Şirvan ərazisi Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şamaxı şəhəri Şirvan bəylərbəyliyinin paytaxtına çevrilmişdir.

“Gözəl kral şəhəri”

XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin cəmləşdiyi şəhərlərdən biri məhz Şamaxı olmuşdur. Bu mənada Cenkinson Şamaxını “gözəl kral şəhəri” adlandırmışdır. Şamaxıda rus, hind, türk, fars tacirlərinə xidmət edən karvansaraylar vardır. XVI əsrin II yarısında burada ingilis “Moskva şirkəti”nin daimi nümayəndəliyi açılmışdır. Moskva tacirləri Şamaxı bazarlarında Moskvada hazırlanmış sənətkarlıq məhsullarını satır, yerli malları, əsasən də xam ipəyi, ipək parçaları alırdılar. Adam Olearinin verdiyi məlumata görə, Şamaxı hər iki tərəfdən ayrıca divarlarla əhatələnmiş və iki hissədən ibarət olan bir şəhər idi. Lakin 1192-ci ildə baş vermiş 1-ci və 1667-ci ildəki 2-ci zəlzələ və müharibələr Şamaxının iqtisadi inkişafına müəyyən zərbə vurmuşdu. Belə ki, 1670-ci ildə Şamaxıya gəlmiş hollandiyalı səyahətçi Yan Streys qeyd edirdi ki, “məni ən çox təəccübləndirən o idi ki, şəhəri tamamilə yerlə-yeksan edən və viran qoyan həmin zəlzələdən 3 ildən də az müddət keçməsinə baxmayaraq, şəhər yenidən bərpa olunmuşdur”.

1724-cü il Rusiya ilə Türkiyə arasında bağlanmış İstanbul müqaviləsi, Şirvana daxili muxtariyyətin verilməsi Şamaxı şəhərinin ticarət əlaqələrinin əvvəlki səviyyəyə çatmasına imkan yaratmışdı.

Şamaxı haqqında ermənilərin məkrli planları

Rusiyada danışıqlar aparan İsrail Ori adlı erməni I Pyotru yürüşə şirnikləndirmək üçün Cənubi Qafqazda olan ermənilərin sayını süni şəkildə artıraraq çara saxta, şişirdilmiş məlumatlar verir. İ.Ori 1701-ci il iyulun 25-də I Pyotra 18 bənddən ibarət xüsusi hərbi müdaxilə planını göndərmişdi. O, məktubunda I Pyotrdan Cənubi Qafqaza yürüş zamanı Şamaxı şəhərini xüsusi nəzarət altında saxlamağı xahiş edirdi. “Şamaxının tutulması Armeniya torpağına girmək üçün ilk açardır”, – ifadəsini işlədən İ.Orinin planına görə, 5 min atlı və 5 min piyadadan ibarət olan rus qoşunu gəmilərlə Niyazabada gəlməli, oradan quru yolla Şamaxı istiqamətində irəliləməli və xristian süvarisinin köməyi ilə Şamaxı şəhəri 2 saat müddətinə ələ keçirilməli idi.

Nadir şah və Şamaxı

XVIII əsrin əvvəllərində Şamaxıda olmuş ingilis səyyahı Con Bel şəhəri dağ döşündə amfiteatr şəklində tikilmiş şəhər kimi xatırlayırdı. Lakin Şamaxı şəhəri Nadir xan Əfşar tərəfindən 1734-cü ildə dağıdıldığı və yandırıldığı üçün əhalinin Yeni Şamaxıya köçürülməsi ilə əlaqədar Şamaxının adı tarixi ədəbiyyatda Köhnə Şamaxı kimi çəkilir. Xanlığın paytaxtı kimi özünün çiçəklənmə dövrünü yaşayan Köhnə Şamaxı sənətkarlıq mərkəzi olmaqla yanaşı, həm də böyük ticarət mərkəzi idi.

1768-ci ildə Şamaxı xanlığı qubalı Fətəli xan tərəfindən işğal edilərkən, Fətəli xan Dərbənd, Quba və Salyandan Köhnə Şamaxıya 1000 ailə köçürür. 1769-cu ilin iyulunda Yeni Şamaxı dağıdılır və əhalisi Köhnə Şamaxıya köçürülür. 1789-cu ildə qubalı Fətəli xanın ölümündən sonra, Şamaxı xanlığında hakimiyyət uğrunda daxili çəkişmələr baş verir. 1792-ci ildə həmin mübarizədə Mustafa xan qalib gəlir. Mustafa xan mərkəz kimi Köhnə Şamaxını yox, Yeni Şamaxını seçir. Lakin əsrin sonunda bütün əhali Köhnə Şamaxıya qayıdır. Beləliklə, 1775-ci ildən xaraba vəziyyətində qalan Şamaxı şəhəri yenidən öz əvvəlki yerində bərpa edilib tikilməyə başladı.

1805-ci ilin sonlarında xeyli müqavimətdən sonra Şamaxı xanlığı daxili müstəqilliyi saxlanılmaqla Rusiya imperiyasının tərkibinə qatılır. 1820-ci ildə isə çar Rusiyası Şamaxı xanlığını tamamilə ləğv edir. 1846-cı ildə Şamaxı şəhəri quberniya mərkəzinə çevrilir.

1917-ci ilin sonları - 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda, o cümlədən Bakıda formalaşmış hərbi-siyasi şərait Şamaxıya da təsirsiz ötüşmədi. 1918-ci ildə S.Şaumyanın fitvası ilə erməni silahlı dəstələri Şamaxıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törətdikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaxı qəzasında törətmişdilər. Şaumyan 1918-ci il aprelin 13-də Sovet Rusiyası XKS-nə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotları olan «yeni dəstələr» göndərdiyini etiraf edirdi. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatlıqdan yuxarı dəyəri olan əmlakı dağıtmış, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılmışdır.

Şamaxı şəhəri və Şamaxı qəzası 1918-ci ilin iyul ayının 18-də Qafqaz İslam Ordusu və Azərbaycan korpusunun birgə apardıqları uğurlu döyüş əməliyyatları nəticəsində azad edilənə qədər daşnak-bolşevik qüvvələrinin işğalı altında qaldı. Şamaxı şəhəri düşmənlərdən azad edildikdən sonra az müddət ərzində qəddini düzəltdi.

Xalqımıza Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi şəxsiyyətlər vermiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindəndir.

“Dədə-Günəş” əfsanəsi

Əfsanədə deyilir: "Məlhəm kəndində məşhur şair İbrahim Əli Nəccar Xaqaninin doğma əmisi Kafiyyəddin Ömər İbn Osman oğlu adlı bir filosof, astronom, riyaziyyatçı, kimyaçı və həkim yaşayıb. O, Xaqaninin tərbiyəçisi və hamisi olub. Kafiyyəddin Ömər İbn Osman oğlu ölərkən xalq onu özünün iqamətgahı yaxınlığında, gün düşən bir yamacda dəfn edilib. Ömər İbn Osman oğlu bütün ətraf kənd əhlini müalicə edə bildiyindən, çox şəfalı, yüngül əli olduğundan, Günəş şüasının müalicəvi xüsusiyyətlərini təbliğ etdiyindən onun dəfn olunduğu yerə "Dədə Günəş" adı, yəni "Günəşin atası" adını veriblər. O, öləndən sonra da camaat şəfa tapmaq ümidilə onun qəbri istünə gəlməkdə davam edib".

Yeri gəlmişkən qeyd edək ki, burada adı çəkilən Məlhəm kəndi Şamaxının ən qədim və səfalı kəndlərindən biridir. Dünyanın ilk tibb ocağı - "Mədrəseyi-Tibb" (Tibb Mədrəsəsi) adı ilə tanınan Tibb Akademiyası XII əsrin əvvəllərində məhz bu kənddə yaradılıb və burada ilk dəfə olaraq tibb stasionarı fəaliyyət göstərib.

Şamaxının abidələr "kolleksiyasına" yaxın-uzaq tariximizin bir çox səhifələrini özündə qoruyub saxlayan "İmamlı hamamı", "Topal Mövsümün hamamı", "Məşədi Mursalın karvansarası", "Gülüstan qalası", "Qəleybuğurt qalası", "Qız döyüşü istehkamı", "Govurxana sərdabəsi", "Diri Baba türbəsi", "Şeyxməhəmməd", "Pir-Mərdəkan" və s. tarixi abidə və qalaları, ziyarətgahları da əlavə etsək böyük bir siyahı alınar.

Mürvət Abbasov, tarix üzrə fəlsəfə doktoru.

Masallı rayonu, Xırmandalı kəndi.


 


 

R4suloffR4suloff

OXUNMA SAYI :1018

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az