Mart qırğını cənubda necə reallaşdı?||--||


Mart qırğını cənubda necə reallaşdı?||--||

 


Əgər 100 il əvvəl Lənkəran sahillərini lentə alan olsaydı, burada minlərlə meyitin, yaralanmış, təhqir olunmuş insanların, viran edilmiş minlərlə binanın şahidi olardıq.

Elə isə birə qədər keçmişə səyahət edək. 1917-ci il rus imperiyası dağılmış, Rusiya 1-ci Cahan savaşından yarımcan çıxmışdı. Fürsətdən istifadə edənlər daha çox zəbt etmək, köhnə düşmənləri ilə haqq-hesab çürütmək istəyirdilər.

Dünya müharibəsi müstəmləkə asılılığında olan xalqlarda milli-azadlıq meyillərinin yeni dalğasına təkan verdi. Cənubi Qafqazda azərbaycanlıların milli hərakatının genişlənməsi �böyük Ermənistan� xülyası ilə yaşayan daşnakları ciddi narahat edirdi. Onlar Azərbaycan milli hərəkatına divan tutmağa çalışırdılar. Bu məqsədlə təxminən 5 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Beləliklə, �Qırmızı qvardiya� adı ilə yaradılan 20 minlik Bakı Sovetinin ixtiyarında olan ordunun 70 faizi erməni idi. Bakıda Azərbaycan milli-demokratik qüvvələrin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan onlara �dərs vermək� üçün milli qırğına hazırlaşırdı. Hələ yanvar ayında Müsəlman Korpusunun komandanı general Talışınskinin Bakıda həbs edilməsi şəhərin azərbaycanlı əhalisinin ciddi narazılığına səbəb olmuşdu.

1918-ci ilin martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan�Evelina� gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq ücün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla davranışdan həlak olmuş Azərbaycan milyonçusu H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kicik bir dəstəsi bolşevikləri, erməniləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi �Evelina� gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Gəminin körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşevik və erməni daşnakları tərəfindən müsadirə olundu. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli-Şurası, Xəzər motrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya �Evelina� ilə gedən zabitlər tapşırıq almışlar ki, Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etsinlər. Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr �Evelina�gəmisinin tərksilah edilməsinə tərəfdar oldular.

Müsəlman əhalisi məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdilər. Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il oktyabr çevrilişindən məharətlə istifadə edən ermənilər Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən qanlı faciəyə başladılar. Mart faciəsinin üç günü ərzində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Təzə Pir məscidinin minarələri top atəşi ilə zədələnmiş, �İsmailiyyə� binası ilə yanaşı, �Kaspi� qəzetinin redaksiyası, �Dağıstan�, �İsgəndəriyyə� mehmanxanaları da yandırılmışdı. �Kaspi� mətbəəsi yandırılan vaxt burada yenicə çap edilmiş Quranın 5 min nüsxəsi də yandırılmışdı. Müsəlmanlara qarşı Bakıda törədilən qırğınlara Artak, Suren, Şaumyan, Sarkis, Qalstyan, Akopov, Ovçiyan və b. rəhbərlik edirdilər.

1918-ci ilin mart qırğını nəticəsində Şamaxı qəzasının 72 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfər kişi, 2560 nəfər qadın və 1277 nəfər uşaq idi. Lalayan və Əmiryanın azğınlaşmış dəstələri Şamaxıda 13 məscid və məşhur müqəddəs ocaq - Cümə məscidini yandırmışdılar. Hamazaspın, Hayrapetun, Makanyansın, Boqdanovun başçılıq etdiyi silahlı dəstələr Quba qəzasının 162 kəndini dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil. 16 mindən çox müsəlman məhv edilmişdi. Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılar soyqırıma məruz qaldılar. Soyqırım 1918-ci ilin sentyabrın ortalarınadək davam etdi və 600 mindən çox azərbaycanlı öldürüldü.

Mart qırğını Lənkərandan da yan keçməmişdir. Milli ucqarlarda davam edən qarışıqlıqdan istifadə edən ermənipərəst Şivkunovun quldur dəstəsi lənkəranlı Mir Əhməd xanın evini ələ keçirib özlərinə qərargah etmişdilər. Kənddə silahlı qaçaq dəstələrinin olduğunu bəhanə edən Şivkunovun əsgərləri Sütəmurdov kəndini bir neçə gün müntəzəm olaraq atəşə tutur, orada yanğın və talanlar düzəldirdilər. Bu haqsızlıqların qarşısını almaq üçün kənd ağsaqqaları Şivkunovun yanına gedib atəşi dayandırmağı xahiş edirlər. Lakin əsgərlər Şivkunovun əmri ilə gələn ağsaqqalları girov saxlmaqla vəziyyəti bir qədər də gərginləşdirdilər. Sonra əsgərlər Sütəmurdov kəndinə hücum çəkib silahları tələb etdikdə kənd camaatı ilə əsgərlər arasında qanlı toqquşma baş verdi. Atışmada 2 əsgər öldürülür. Əsgərlərin öldürülməsindən hiddətlənən Şivkunov Sütəmurdov ağsaqqallarının başını kəsdirməyi əmr edir.


Mart hadisələri dövründə ermənilər Lənkəran qəzasının müsəlman əhalisinə qarşı misli görünməmiş vəhşiliklər törətmiş və dinc əhaliyə amansız divan tutmuşdular. Müsəlman əhalisinə qarşı qərəzli nifrət ermənipərəst şəhərin qarnizon rəisinin çıxışında da ifadə edilməkdə idi. O öz çıxışında şəhərdəki müsəlmanlardan bir neçəsinin qarət edilmişdisə də əhəmiyyətsiz olduğunu, yalnız şəhərdəki xristianların qarət və talana düçar olduğunu ürək yanğısı ilə qeyd edir. Kiçik bazar məscidinə gələrək toplaşanlar qarşısında nitqini ikinci dəfə təkrar edən qarnizon rəisi yenə də müsəlmanları günahlandırır.


1918-ci ilin martın 14-də Salyan, Hacıqabul, Muğan və Lənkəran qəzasına erməni-daşnak dəstələri yeridildi. Silahlı dəstələrin yeridilməsində əsas bəhanə guya �Evelina�gəmisindəki müsəlman əsgərlərin geri qayıdarkən Muğandakı rus-molokan kəndlərinə qarşı törədiləcək qırğının qarşısını almaq üçün idi.


1918-ci il mart soyqırımı dövründə Lənkəran qəzasında 40-dan çox kənd yandırılmış, yüzlərlə günahsız insan qətlə yetirildi. Erməni daşnakları evlərə girib bəzən bütün ailənı məhv edirdilər. Hamilə qadınlara, qocalara belə rəhm edilmirdi. Bir gün ərzində Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan faciənin qurbanı oldu.


Lənkəran şəhəri və ətraf kəndlərin əhalisi Osakücə meşələrinə çəkilərək özlərini qorumaq üçün sığınacaq tapmışdılar. Ara sakitləşəndən sonra ev-eşiklərinə qayıtmış şəhər camaatı erməni vəhşiliyinin bir daha şahidi oldular. Evlər top mərmisi ilə dağıdılmış, dükanlar qarət və talan edilmişdi. Öldürülmüş və dənizə atılmlş insan cəsədləri üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi. Şivkunovun quldur dəstəsi erməni-daşnak qüvvələri ilə birləşərək hərbi paroxotdan Lənkəran şəhərini top atəşinə tutmuş, nəticədə Kiçikbazar məscidinin divarının bir tərəfi mərmi ilə dağıdılmışdı. Erməni daşnakları qaynar samovarı adamların belinə bağlayır və yeriməyə məcbur edirdilər.


Xəzər donanmasındakı rus matrosları da qırğına cəlb olunmuşdular. Onların sərəncamında olan �Aleksandr Jander� gəmisindən Qızılağacdan Astaraya qədər sahilə yaxın yaşayış məntəqələri top atəşinə tutulmuşdu. Gərmətük camaatı kənd ağsaqqalı Hacı Ağabalanı matroslarla danışığa göndərirlər ki, qırğını dayandırsınlar. Rus dilini yaxşı bilən Hacı Ağabala ağ parçadan bayraq qaldırıb, dənizin sahilinə gəlir. Lakin aparılan danışıqlar heç bir nəticə vermir. Şivkunov Gərmətük kənd qəbiristanlığında baş vermiş atışmada öldürülmüş əsgərin qatilinin tapılmayacağına qədər atəşkəsin də olmayacağını bildirir. Kənd iki gün top atəşinə tutulur. Bununla kifayətlənməyən erməni və rus əsgərləri kənddə axtarış apararkən gizlənmiş 7 nəfər cavanı sorğu-sualsız yerindəcə güllələyirlər.

Erməni-rus əsgərləri Lənkəran qəzasında ən hörmətli və el arasında sayılıb seçilən ağsaqqalları ya öldürər, ya da ələ keçirib işgəncələr verərdilər. Lənkəranda tanınan Məşədi Qasımın, Məşədi Şirəlinin, Kərbəlayı Nurullanın, Hacı Axundun,Verevullu Mirməhəmməd Xan Mirfərəculla bəy oğlu Talışxanov və yüzlərlə başqalarının taleyi belə acınacaqlı olmuşdu.Xalq arasında Miri bəy kimi tanınan qvardiya polkovniki Mirməhəmmədrzanın Lənkərandan kənarda xüsusi hörməti var idi. Şivkunovun quldur dəstəsi Miri bəyin yaşadığı evə hücum çəkir və başından güllə ilə vurub öldürürlər.

Şıxəkəran kəndinə hücum edən rus və erməni əsgərləri kəndi talan edərək, camaatın mal-qarasını və qiymətli ev əşyalarını ələ keçirirlər. Atışmada öldürülmüş erməninin heyfini çıxan əsgərlər bir neçə kənd sakinini diri-diri yandırırlar. Bəzilərinin qulaq burunlarını kəsir və gözlərini çıxarırlar. Kənd camaatı Mamusta ilə Xolmili arasındakı meşəyə çəkilib bir neçə gün burada gizlənirlər. Mamusta kəndində cavanları evlərə yığıb, od vurub yandırırlar. Bir neçə mamustalı qılıncla doğranılıb, öldürülüb. Ermənilər Mamusta kəndinə od vurub yandırırlar. Qadınlar və uşaqlar Qoçasələ meşəsinə sığınırlar.


 


 


Qeyd edək ki, Lənkəran qəzasında və ətraflarda Şivkunovun, Əmiryanın törətdiyi qanlı cinayətlərin qarşısı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə alındı. Ordunun Lənkəran qəzasına gələn hissəsinə Camal Paşa rəhbərlik edirdi. Camal Paşanın gəlişi ümidsizləşmiş silahsız qəza camaatının sevincinə səbəb oldu. Camal Paşa Gərmətük kəndində Güləli Cabbar oğlunun evini özünə qərərgah seçir. Onun dəstəsində 300-500 nəfərə qədər döyüşçü vardır. Camal Paşa 1920-ci ilin dekabrında Astaranın Kələdəhnə kəndinin erməni quldur dəstəsindən azad edilməsi uğrunda gedən döyüşdə öldürülür. �Gavur gülləsi mənə dəyməz� deyən Camal Paşanın öldürülməsi əhalini xeyli məyus etdi. Bəziləri Camal Paşanın Astaranın Pensər kənd məscidinin həyətində basdırıldığını, bəziləri isə cənazənin Türkiyəyə aparılıb dəfn edildiyini söyləyirlər.

Muğanda Rusiya və İngilis ordusunun ağalıq uğrunda mübarizəsi daha qətiyyətli gedirdi. İngilislər Muğan kəndlərini öz təsirləri altında saxlayır, bölgədə möhkəmlənmək istəyirdilər. İngilislər yerli əhalidən topladıqları taxılı ərazidəki İngiltərə qoşunu üçün Ənzəliyə göndərilirdi. Bölgənin əhalisi aclığa məruz qalmaq təhlükəsi ilə üzləşmişdi. Əlbəttə, Muğanda fəaliyyət göstərən ingilispərəst qüvvələrin də rolu böyük idi. İngilislərin nüfuzundan istifadə edən ermənilər müsəlmanları çox şiddətlə sıxışdırırdılar. Yalan xəbərlər əsassız şübhələr ilə ermənilər müsəlmanların evlərini axtarır, onlara hər cür təhqirlər edir, həbs edirdilər.

Siyasi pərakəndəlikdən istifadə edən yerli oyuncaq qurumlar Muğanda vəziyyəti daha da gərginləşdirirdilər. Erməni Avetisov və Əmiryan Muğan kəndlərinə qənim kəsilmişdi. Avetisovun qoşunu əvvəlki kimi xalqı soyub talamaqda və müsəlmanları qətl, qarət etməkdə davam edirdilər. Adamlar günahsız həbs edilirdi. Silahlı erməni və rus dəstələri qaçaqlara kömək etməkdə şübhəli bilinən Muğan kəndlərinə fasiləsiz hücumlar edirdilər. Ciddi axtarışdan sonra ev sahibləri öldürülür, mal-qara və qiymətli ev əşyaları daşınıb aparılırdı. Xırmandalı, Kürdəbaz, Qədirli, Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacıtəpə ermənilər tərəfindən dönə-dönə yandırılan kəndlər idi. Alışanlı, Xıl, Yeddioymaq kəndlərində olan əkin yerləri də müsəlmanların əlindən alınaraq ruslara verilmişdi. Yerli əhali torpaqsız qalmışdı.

Rusiya ordusunun Muğanın cənubunda yerləşən 29-cu sərhəd briqadasının komandanı polkovnik İlyaşeviçin əsgərləri Muğan kəndlərinə qarşı daha amansız idilər. Bu əsgərlərin böyük əksəriyyətini türklərə qarşı daha amansızlıqları ilə seçilən ermənilər təşkil edirdi. 1918-ci ilin martın 31-də Bakı quberniyasında ermənilərin müsəlmanlara qarşı başladıqları etnik təmizləmə və soyqırım siyasəti Muğanda faciəli oldu. Burada qırğın siyasətinə hələ yanvar ayında hazırlıqlar gedirdi. Belə ki, yanvar ayında İrandan qayıdan rus əsgərləri Astarada yerli camaata tüfəngdən atəş açmışdılar. Bu xəbər Lənkəran camaatını da bərk qorxuya salmışdı. Çünki bu zaman Lənkəranda 2 mindən artıq qeyri-millətlərdən olan əsgərlər var idi. Həm də onların sərəncamında çoxlu hərbi sursat və silah var idi. Rus əsgərləri həmin silah və sursatı Avetisovun erməni və ruslardan ibarət əsgərlərinə verirdilər. Camaat belə qərara gəlir ki, bu qədər silahı əldən buraxmaq olmaz. İrandan qayıdan rus əsgərlərini gətirən �Milyutin� paroxodundakı silah-sursatı ələ keçirməkdən ötrü İbrahim bəy Şahtaxtinski xeyli silahlı dəstə ilə hücuma keçdi və qənimət olaraq 6 ədəd pulemyot, 800 tüfəng, 850 min patron və 10 yeşik bomba ələ keçirdi. Mircavad bəy Talışinskinin Ərkivandan göndərdiyi atlı dəstə də silah ələ keçirməyə cəhd etdi. Avetisovun əsgərləri bu hadisədən istifadə edərək Lənkəran uyezdində qarışıqlıq törədirdilər. Muğana tərəf hərəkət edən rus əsgərləri ilə əlbir hərəkət edən ermənilər Göytəpə (Prişib) ilə Astaranı birləşdirən �Poçt yolu� ətrafında yerləşən Muğan kəndlərini qarət və talan etməyə üstünlük verirlər. Silahlı rus əsgərlərinə qarşı ilk müqavimət 1918-ci ilin mart ayında Malakan (Kalinovka) kəndi ətrafında baş verir. Xırmandalı, Həsənli, Məmmədxanlı kəndlərindən toplanmış bir dəstə könüllü də onları tərksilah etmək, əmlaklarını, silah və hərbi sursatlarını ələ keçirmək üçün Kalinovkanın yaxınlığından keçən Viləş çayının sahilində döyüş mövqeyi tuturlar. Olduqca zəif silahlanmış və qüvvələri sayca az olan muğanlılar ilk atışmada itki verərək geri çəkilməli olurlar. Əslində bu qarşıdurma ermənilərin Muğan kəndlərinə qarşı talançı basqınları üçün şərait yaratdı. Ruslarla əlbir hərəkət edən erməni silahlıları müsəlmanlardan intiqam almaq məqsədi ilə Yeddioymaq kəndindən tutmuş �Poçt yolu� boyunca Prişibə tərəf və şimala doğru 23-dən artıq Muğan kəndlərinin dinc əhalisinə qarşı soyqırım təşkil edirlər. Malakana yaxın olan Yeddioymaq kəndi yandırılır, kənd sakinləri işgəncəyə məruz qalır. Kəndin məscidi toplardan atılan mərmi ilə dağıdılır. Məmmədxanlı və Həsənli kəndlərində erməni-rus əsgərləri ilə ciddi qarşıdurma olur və bir əsgər öldürülür. İlyaşeviç öldürülmüş əsgərin qatilini tələb edir və onun təslim olmayacağına qədər amansız olaqcağını bəyan edir. Ona cavab olaraq Həsənli və Məmmədxanlı kəndliləri gecə ikən Malakana hücum çəkib kəndi çapıb talayırlar. Bu xəbərdən sonra Məmmədxanlı və Həsənli kəndlərinə soxulan erməni silahlı dəstələri müsəlmanlar arasında axtarış və həbslərə başlayır. Bir neçə günahsız ailə öldürülür. Faciənin təşkilatçısı kimi İsa Həsən oğlu həbs olunur. Onu atın quyruğuna bağlayıb sürüyür və yarıcan halda Prişib polkuna təhvil verirlər. Köməyə əlavə olaraq erməni silahlı dəstələri də göndərilir. Avetisovun əsgərlərinin müsəlmanlara qarşı etdikləri vəhşilik və zülümlər sayəsində Muğan kəndlərində həyat sönmüş, insan yaşamayan ölü kənd olmuşdu.

İlyaşeviç Həsənli camaatını qaçaq Yunusa köməklik göstərməkdə günahlandıraraq erməni silahlılarını yenidən kəndin üzərinə talanlara göndərdi. Atılan top mərmisi Həsənli kəndində insan təlafatına səbəb olur. Kənd məscidi dağıntıya məruz qalır.

Erməni�rus hərbi birləşmələri Şərəfə kəndini də top atəşinə tuturlar. Ələ keçirilən 2 şərəfəlinin başı kəsilir. Camaat işgəncə və təhqirlərdən qorunmaq üçün kəndin ətrafındakı sıx meşəlik və cəngəlliklərə sığınır. Seybətinli Mirsadıq bəy, Talışxanlı Əkbər xan, Mirqasım bəy oğlu Talışinski və kənd ağsaqqalları silahlıların kəndə hücumunu dayandırmaq üçün onlarla danışıqlara başlayırlar. Çoxlu ərzaq və mal-qara verməklə erməni-rus silahlılarının sonrakı qırğınının qarşısını alırlar.

Erməni-rus silahlılarının növbəti hücum hədəfi 2 rus əsgərini öldürməkdə günahlandırılan Xırmandalı kəndi idi. İlyaşeviç kəndi yandırıb külə çevirməyi əmr etmişdi. Kəndin əli silah tuta bilən kişiləri Hacıtəpə kəndinin günçıxanında �Çandıq� adlanan ərazidə müdafiə mövqeyi tutmuşdular. Uşaqlar və qadınlar kənddən çıxarılaraq təhlükəsiz yer kimi dənizdə tuqay qamışlıqla əhatə olunmuş adalarda yerləşdirilmişdi. Salyan yolundan tutmuş Adıgözəl, Saleh, Qəreycə, Arpa qobusu Xırmandalı camaatının talan və qırğınlardan qorunmaq üçün sığınacaq yeri olur.

Erməni-rus silahlı dəstələri ilə Xırmandalı kəndinin müdafiəçiləri arasında ilk qarşıdurma Çandıq ətrafında baş verdi. Bir neçə erməni öldürülsə də, müdafiəçilərin itkiləri daha çox olduğu üçün, geri çəkilməyə məcbur oldular. Xırmandalılar Rza kişinin başçılığı altında Xudaverdi quyusu deyilən ərazidə yenidən müdafiə mövqeyi tuturlar. Malakandan və Prişibdən əlavə rus əsgərləri köməyə gəldikdən sonra ermənilər qəti olaraq dinc əhaliyə qarşı qırğınlara başlayırlar. Rus əsgərləri Bayandur təpəsinə qaldırdıqları topdan atdıqları mərmi ilə ermənilərə dəstək olurdular. Ağqobu çayında xeyli insan cəsədi vardı, su qırmızıya çalırdı. İlyaşeviçin quldur dəstəsi erməni daşnakları ilə birləşərək xeyli adamı qanına qəltan etmişdi.

Bu zaman sahil kəndlərini top atəşinə tutan �Aleksandır Yander� gəmisinin Qızılağac sahilinə çatdığı haqqında vahiməli xəbər də yayılmaqda idi.

Döyüşdə itkilərin çoxalacağından ehtiyat edən xırmandalılar erməni-rus silahlılarının kəndə girməməsi üçün onlarla danışıqlara başlayır. Lakin danışıqlar heç bir nəticə vermir. İlyaşeviç danışığa gələn xırmandalıları həbs etdirib Prişibə apartdırır. Onlara ağır işgəncələr verilir.

Beləliklə, erməni daşnakları və rus əsgərləri Xırmandalı kəndinə daxil olurlar. Kənd sakinlərinin əksəriyyəti hələ bir neçə gün qabaq kəndi tam tərk etmişdilər. Əsgərlər kəndin gözəgəlimli tikililərini od vurub yandırır, ələ keçirilən ərzağı və taxılı daşıyıb aparırlar. Xırmandalılar doğma yurdlarına qayıdanda artıq evlər yandırılmış, təsərrüfatları məhv edilmiş və daşınıb aparılmışdı. Yaşlı kənd sakinlərı Avetisov və Əmiryanın silahlı dəstələrinin qəddarlığını hələ də xatırlamaqdadırlar.

Bütün Azərbaycanı əhatə edən və erməni vəhşiliyini özündə əks etdirən mart faciəsi azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin tərkib hissəsidir. Azərbaycanın Cənub bölgəsində həyata keçirilmiş bu soyqırımın bir sıra özünəməxsusluqları da var idi. Belə ki Cənub bölgəsində bu soyqırım hələ 1918-ci ilin yanvar ayından başlamış və 1919-cu ilin avqustuna kimi, yəni Cənubda Cümhuriyyətin bərqərar olamasına kimi davam etmişdir. Bu faciə xalq arasında �Qaça-qaç� kimi tanınan məxsusi adla yadda qalmaqdadır.




Mürvət Abbasov,

Tarix üzrə fəlsəfə doktoru 

R4suloffR4suloff

OXUNMA SAYI :948

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az