Astan müəllim, çaşma!||--||


Astan müəllim, çaşma!||--||


 Necə deyərlər, uşaqların ərzağını yeyənlərin güzgüsündə eyiblərini araşdırmaq əvəzinə Astan müəllim güzgünü sındırmaq qərarına gəlib. Belə ki, yazı çap olunandan bir neçə gün sonra bizdən qisas almaq üçün qəzetin rəhbərliyinə qohum olan uşaq bağçası rəhbərinin üstünə 4 nəfərlik desant göndərib. Ciddi hədə-qorxularla, hay-küylə Ərkivan qəsəbə uşaq bağçasına təzyiq edən desantlar bu uşaq müəssisəsini bağlamaqla hədələyiblər. Bundan bir saat sonra bağça müdiri təcili təhsil şöbəsinə çağrılıb və metodist Münəvyar xanım müdir Astan İbişovun adından ona bildirib ki, ərizə ver, işdən çıx. Yoxsa, müdir səni Şura İclasının qərarı ilə çıxaracaq. Dolayısı ilə çatdırılıb ki, səbəb yaxınlarının qəzetində müdirin tənqid edilməsidir.

Həmin yazıda Axırıncı aşırım filmindən Abbasqulu bəyin dilindən bildirilən Gücünü arvad-uşağa göstərirsən, Qəmlo! müraciəti bir daha özünü doğruldub. Günahkarbağça müdiri təhsil rəsmilərinə bildirib ki, Zahir Əmənova kimin etirazı varsa, onun otağı da, telefonları da həmişə açıqdır, gedin özünə deyin. Mən sadəcə öz hüquqlarımı tələb edib, şişirdilmiş qiymətlərlə verilmiş ərzağı qəbul etmək istəmirəm.

Onu da xatırladaq ki, uşaq bağçasına göndərilən desanta təhsil şöbəsinin vuran əllərindən olan Hüseyn Hüseynov rəhbərlik edib. Bu Hüseyn müəllim həmin şəxsdir ki, hələ 2001-ci ildə qəzetin müxbiri Mirzəkişi Mirzəyevin nahaqdan üzünə durduğuna görə XXI əsrin üzəduranları adlı məqalədə ifşa olunmuşdu. Kim olsa idi, bu yazıdan sonra ya məqaləni yazanı vurardı, ya da özünü. Hüseyn müəllim isə aradan 9 il keçsə də, yenə öz ampluasındadır. Nədənsə bu adam daşıdığı müqəddəs Hüseyn adına da baxıb xəcalət çəkmir. Uşaq bağçaları üçün illərlə bircə seminar da keçirtməyib, onlara bir təlimat da verməyib, bu təşkilatlara ancaq təmənna ilə ayaq basanlar hansı haqla onlardan ideal iş tələb edir?

İndi isə Astan müəllimə bir neçə kəlmə sözümüz var.

Astan müəllim, sizin necə pedaqoq olduğunuz ellərə çoxdan bəllidir. Elə yaşadığınız kənd sakinləri bildirir ki, sizin əsas işiniz maşın hissələri satmaq, bir də deyilənə görə, heyvan bazarında mal-qara alveri olub, müəllim kimi ancaq adınız jurnallarda gəzib. Cəmi il yarım məktəb direktoru işləyəndən sonra fövqəladə əlin gücü ilə təhsil kimi mötəbər bir vəzifəyə gətirilibsiniz.

İşlədiyiniz qısa müddətdə təhsil şöbəsində taslar görünməmiş sürətlə artıb. Müəllimlərdən zorla alınan abunə haqqı 6 faizdən 10 faizə yüksəlib, direktor olmaq istəyənlərin tası 5 min manatadək yüksəlib. Hazırda 11-ci sinif şagirdlərinin bəzisi attestat almaq üçün qohum-əqrəbadan 100 manatdan pul yığır. Təkcə bir məlumatı çatdırım ki, Ərkivan qəsəbə məktəbinə 1 ildir müavin tapa bilmirsiniz. Çünki 500 manata yiyə durmayanlar, ən azı bu iş üçün 1500-2000 tələb olunduğunu deyir.

Astan müəllim, öncə sərt və kobud rəftarınızla, zəifləri sındırmaq arzusu ilə diqqət çəkirsiniz. Məsələn, təhsil şöbəsində soyqırım əməliyyatı nəticəsində ancaq zəifləri qovdunuz, könüllü ərizə verməyən 2 şəxsə isə nə qədər hədə gəlsəniz də bu istəyinizə nail ola bilmədiniz.

Astan müəllim, əksər hallarda nə etdiyinizi özünüz də bilmirsiniz. Məsələn, uşaq bağçalarında kütləvi ərzaq yeyintiləri ilə bağlı qəzetdə yazı çap olunandan sonra ən azından bu məsələnin kökü ilə maraqlanmalı, aydınlaşdırmalı idiniz ki, ölkə başçısı bu ərzağı uşaqlar üçün, ya icra hakimiyyətindəki bəzi müavinlər üçün ayırıb? Uşaq bağçası müdiri şişirdilmiş qiymətlərlə gətirilən ərzağı qəbul etməyəndə öncə bunun səbəbi ilə maraqlanmalı idiniz, qəzeti şantaj etməklə yox.

Astan müəllim, sizə xatırladım ki, qəzetimizlə şantaj dili ilə danışmağa çoxu cəhd edib, amma gülünc vəziyyətə qalıb. Hələ Masallının o vaxtkı təhsil şöbə müdiri və icra başçısı işləmiş Şirəli Əhədov (indi Lökbatanda məktəb direktorudur) həmin bağçada az qala qarşokları da saydırdı. Sonra əməllərinin ifşasını görüb, bu gedişlərlə ancaq özünə zərbə vurduğunu başa düşüb, necə deyərlər, əlini yerə qoyub, salama gəldi. Sizin himayəçilərdən olan - keçmiş 1-ci müavin ziyalıların barometri, pripiskaların məşhur memarı, qəzet satanımızı qorxudub, döydürən - sonradan Abıyevlər ayağını yerə bərk çırpan kimi ərizə verib meydandan qaçan Hacı Maşallah Kərimovun da taleyi və əməlləri bəllidir. Sizdən əvvəlki təhsil şöbə müdiri Nurəddin Məlikov geniş iclasda bizim başımızı 600 dollarla əzəcəyini bəyan etmişdi. İndi varlığı-yoxluğu hiss olunmur. İşdən çıxmamışdan bir neçə ay öncə üstümüzə neçə ağsaqqal göndərdiyi də uzaq tarix deyil.

Arif Rəhimzadənin sözü olmasın, adam cavan olanda nə olar. Cavanın da bir böyüyü, ağsaqqalı olmalıdır. Təhsil şöbə müdiri ziyalılar ziyalısı sayılır. O mərdlik, ləyaqət sözlərinin mənasını daha yaxşı anlayıb kişinin əvəzini qadından qisas almaq kimi ucuz və çirkin yolu özünə rəva görməməlidir. Mənlik deyil, yuxarıdan tapşırıblar kimi ifadələr işlədib, yuxarıların əlində alət olmağını nümayiş etdirməməlidir. (Onun Masallı icra hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Nəsir müəllimin diqtəsi və sifarişi ilə işlədiyi bildirilir). Ən azından unutmamalıdır ki, onun indi oturduğu kresloda 20-25 il öncə Hüseynbala Əhədov kimi cəsarətli bir kişi əyləşərdi, yeri gələndə sovet dövrünün asıb-kəsən vaxtında rayon rəhbərlərinə belə etiraz etməyi bacarardı.

Siz Cənub xəbərləri ilə mübarizə aparmaq gücündə deyilsiniz. Çağdaş təhsil kimi gülünc bir qəzetdə özünüz üçün saxta tərif şousu düzəltməklə hansı səviyyədə olduğunuzu bir daha göstərdiniz. Biz sizdən və ətrafınızdan çox güclüyük. Çünki sərvət əsiri deyilik və xalqımızın gənc nəslinə qənim kəsilməmişik. Sizin və başınız üstündəki rəhbərlərin adam şərlətdirib tutdurmaqda zəngin təcrübəsi olsa da, belə əməllərlə rayonda çirkin ənənə qoysa da, bu bizi qorxutmur. Çünki biz itirməkdən və qurban getməkdən qorxmuruq. Sizin kimilər hətta qəddar arzularını reallaşdıra bilsə belə, heç nə qazanmaz. Bu gün jurnalistika tariximizdə əbədiləşən Elmar ölümü ilə, Eynulla həbsxana zilləti ilə sizin sığındığınız Çağdaş təhsil kimi qəzetlərin qələm sahiblərindən qat-qat şərəflidir.

Sizin saxtakarlıqla müşayiət olunan əməlləriniz isə o qədər çoxdur ki, artıq bizim qəzet təklikdə onu işıqlandırmağa çatdırmır. Belə getsə, biz ölkənin bir qrup aparıcı müstəqil jurnalistini rayona dəvət edəcəyik ki, sizin üzdəniraq təcrübənizi çağdaş Azərbaycana yaysın.

Sonda isə bir daha başlığa çıxartdığımız cümləni yadınıza salırıq - Astan müəllim, çaşma. O sözü ki, sonda deyəcəksiniz onu əvvəldə deməyə tələsməyin. Bekar vaxtınızda isə Qırğızıstan hadisələrini ətraflı təhlil edin. Baş həkim Cəlil müəllimin sözü olmasın, adam akilli olar.



 


R4suloffR4suloff

OXUNMA SAYI :849

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff