Lənkəran Dövlət Universteti-doğrudanmı burada “dünya düzəlib”


LDU uzun müddət buradakı rüşvətxorluğa, maliyyə pozuntuların, heyrətamiz saxtakarlıqlarına görə kəskin tənqidlərə ünvan olub. Hətta belə tənqidi yazılardan birinə görə qəzetimizin müxbiri, həmin ali məktəbin tələbəsi Pərviz Əzimov bu universitetdən xaric edilmişdi. (Sonra məhkəmə yolu ilə bərpa edildi). Bu ali təhsil ocağında nəinki hər imtahanın, hər “zaçot”un daşdan keçən qiyməti, “tas”ı var idi. Maliyyə saxtakarlıqları, yeyintilər, yerlibazlıq, haqqı deyən müəllimlərin sıxışdırılması, hər işdə rüşvət, təmənna baş alıb gedirdi.

Bu günlər LDU-dan az qala inanılası çətin olan xoş xəbərlər gəlir-burada rüşvətin kökü kəsilib, təhsil ocağına yüksək təhsilli alimlər cəlb olunub, qız tələbələr üçün hətta Bakıdakıların həsəd aparacağı müasir tipli yataqxana inşa edilib (oğlanar üçün də tikilir, dekabrda istifadəyə veriləcək), bundan əlavə kənardan gələn müəllimlər üçün yataqxana, qonaq evi və sair inşa olunub.

Oxucular üçün maraqlı olacağını nəzərə alıb “muallim.edu.az” saytının bu təhsil ocağı barədə hazırladığı yazını sizə təqdim edirik.

3 500-ə yaxın tələbəsi olan cənubun bu ilk və yeganə ali təhsil ocağının fəaliyyəti bizim üçün çox maraqlıdır. Arzu edərdik ki, bu yazıya izləyicilərimiz  geniş münasibət bildirəsin. Əmin olaq ki, burada hər şey yaxşılığa doğrudur.

 

Lənkəran Dövlət Universiteti böyük hədəfə doğru

 

Burada tədrislə yanaşı, sosial mühit və şərait də müasir standartlara uyğunlaşdırılır

Hələ tədris ili başlamadan, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticəsi olaraq açıqlanan rəqəmlərdən belə görünürdü ki, ölkəmizin ayn-ayrı bölgələrindəki ali təhsil müəssisələrinin nüfuzu yüksəlib. Həmin məlumatlara əsaslansaq, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500-dən, hətta 600-dən artıq bal toplayanlar arasında Lənkəran Dövlət Universitetini (LDU) seçənlərin sayı 2 dəfəyədək artıb. Təbii ki, ardıcıl olaraq bir neçə ildir ki, yüksələn xətt üzrə davam edən bu artımın mütləq bir səbəbi var. Həmin səbəbdən doğan maraq “Azərbaycan müəllimi”nin yolunu Lənkərana saldı.

 

Kadr islahatı ilə başlayan inkişaf

 1991-ci ildən fəaliyyət göstərsə də, indiyədək nəinki ölkədə, hətta regionda belə ali təhsil müəssisəsi kimi tanınmayıb, universitet gözündə görülməyib. Bəs, indi nə oldu ki, Azərbaycanın hər yerindən onu seçirlər?

 

Təhsil müəssisələrindəki inkişaf birdən-birə qeydə alman sıçrayış deyil, həyata keçirilən islahatların məntiqi nəticəsi kimi dəyərləndirilir. Elə Lənkəran Dövlət Universitetinin nümunəsində də belədir. Hər şey 2016-cı ildə həyata keçirilən kadr islahatı ilə başlayıb. O gündən, yəni riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov rektor vəzifəsini icra etməyə başlayandan keçən müddətdə Lənkəran Dövlət Universitetində görülən işlər bu təhsil müəssisəsini böyük hədəfə doğru aparır.

 

Böyük hədəf nədir? Təhsilinin keyfiyyətinə görə üstünlüyünü göstərmək. Ən müasir universitet tələblərinə cavab vermək və nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilmək. Bəlkə bu hədəfə gedən yolun Lənkəran Dövlət Universiteti üçün uzun olacağını düşünürsünüz? Amma bu, heç də belə deyil. Hədəfə gedən yolun əvvəlində olsalar da, qərarlı görünürlər. Artıq Lənkəran Dövlət Universitetində tədris də, sosial mühit də, şərait də Avropa standartlarına uyğunlaşdırılır. Qapısından içəri atılan ilk addımdaca “universitet ab-havası” hiss olunur.

 

Lənkəran Dövlət Universitetində tədris

 

Universitetdə təhsil ildən-ilə müasirləşdirilir. Ən müasir proqramlarla dərs keçilir. Rektor vəzifəsini icra edən Natiq İbrahimov “Azərbaycan müəllimi”nə deyib ki, universitetdə işə məhz buradan başlayıb: “Rektor vəzifəsinin icrasına başlayanda öyrəndim ki, Lənkəran Dövlət Universiteti 15 il geri qalıb. Təsəvvür edin ki, dərslər 15 ildən qalan tədris planı ilə keçilirdi. Yeni standartlar bu universitetə hələ gəlib çatmamışdı. Tədris proqramı dəyişdirilərək müasir proqramlara uyğunlaşdırılıb.Tyutor xidmətinin nə olduğunu bilmirdilər. Bakıdan mütəxəssis çağırıb kurslar təşkil etdik. 2 aylıq kurs nəticəsində sertifikat alanlar işə götürüldü. Artıq universitetin tyutor xidməti qurulub, elektron sistemə keçilib və bütün sessiyanın nəticələrini olduğun yerdən, bura gəlmədən izləmək mümkündür”.

 

Natiq İbrahimovun fikrincə, tələbələr də vəziyyətdən razıdır: “Doğrudur, yuxarı kurs tələbələri arasında yeni qaydalardan narazılar da tapılır. Başqa cür qiymət almağa alışdıqlarından şəffaflıq və obyektivlik onların bəzilərinin ürəyincə deyil. Ancaq nə qədər narazı olsalar da, universitetin fərqini anlayırlar”.

 

Narazılığın yaranması isə imtahan sisteminin dəyişdirilməsi ilə bağlıdır. İmtahanlar tamamilə şəffaflaşdırılıb və İctimai Şuranın nəzarəti altında keçirilir. Bu da ənənəvi üsulla qiymət alanların narazılığına səbəb olur. Ancaq belələrinin sayı çox deyil: “Bir neçə tələbəmiz başqa universitetlərə köçürülmüşdü. Həmin tələbələrdən 4 nəfəri bu il geri qayıtdı. Universitetimizdə ölkənin hər yerindən, hətta xaricdən tələbələr oxuyur”.

 

Yeni ixtisaslar, yeni laboratoriyalar

 

LDU-da 3447 tələbə təhsil alır. Burada 27 ixtisas üzrə bakalavr, 19 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. 2017-2018-ci tədris ilindən 12 ixtisas üzrə doktorantura və dissertantura pillələrində təhsil də təşkil olunub. Ölkə Prezidentinin sərəncamı ilə LDU-ya aqrar və kənd təsərrüfatı ixtisasları da verilib. Həmin ixtisaslar üzrə təhsilin təşkilini səmərəliləşdirmək məqsədi ilə Rusiya istehsalı olan cərrahiyyə kabineti alınıb. 4 yeni laboratoriya qurulub. İki “Baytarlıq”, “Qida məhsulları texnologiyası”, “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyaları İngiltərə, Amerika, Çin, Rusiya istehsalı olan cihazlarla tam təchiz olunub.

 

Natiq İbrahimov vurğulayıb ki, müəllim hazırlığının keyfiyyətini artırmaq məqsədi ilə laboratoriyaların təşkilinə təyin olunduğu ilk gündən xüsusi diqqət yetirir: ‘İki laboratoriyanı vəzifəyə başlayan kimi qurdurduq. Hesab edirəm ki, laboratoriya müəllim hazırlığında çox önəmlidir. Universitetimizdə olan kimya və biologiya üzrə laboratoriyalar ölkəmizdəki heç bir ali təhsil müəssisəsində yoxdur. Artıq 2 ildir tələbələr həmin laboratoriyalarda təcrübə aparırlar”.

 

“Baytarlıq cərrahiyyəsi”, “Aqrokimya” və “Torpaqşünaslıq” laboratoriyaları isə tezliklə gətiriləcək.

 

Baytarlıq laboratoriyasının müdiri Azər Cəlalovun sözlərinə görə, baytarlıq ixtisası üzrə hazırlığa da yeni başlanılıb, laboratoriya da yeni qurulub. Yeni ixtisasa hazırlıq ən müasir tələblər səviyyəsində həyata keçiriləcək. Analitik tərəzi, bioloji təhlükəsizlik dolabı, bufer sobası, mikroskoplar istifadəyə hazırdır. 2018-2019-cu tədris ilindən fəaliyyətə başlayan bu laboratoriyada tələbələr tədqiqat da apara biləcəklər. Laboratoriyada işləyə bilmək üçün aparatları quraşdıran mütəxəssislər universitetin müəllimləri üçün treyninq keçiblər. Odur ki, müəllimlər də tələbələrinə laboratoriyada iş zamanı kömək etməyə tam hazır sayıla bilərlər.

 

Gələcəkdə laboratoriyaların universitetə gəlir gətirəcəyi də şübhə doğurmur. Məsələn, “Qida mühəndisliyi” laboratoriyasına qidanın tərkibini müəyyən etmək üçün bütün cihazlar gətirilib. 1-ci kurslar ikinci semestrdən başlayaraq laboratoriyadan istifadə edəcəklər: “Yuxarı kurslarda təhsil alan tələbələrimiz bu laboratoriyadan artıq istifadə edirlər. Doktorantura pilləsinədək bütün tələbələrimizin ən çox işlədiyi otaq bu olacaq. Laboratoriyada azot birləşmələrini, nitratın miqdarım müəyyənləşdirmək, ya da modifikasiya olunmuş məhsulu ayırd etmək çətinlik törətməyəcək”.

 

Aqrar və mühəndislik fakültəsinin dekanı, dosent Balayar Şahbazov deyib ki, baytarlıq, aqronomluq, torpaqşünaslıq, qida mühəndisliyi üzrə təhsil alan tələbələrin istifadə edəcəyi bu laboratoriya nəzəri biliklərin təcrübədə tətbiqini öyrətmək baxımından universitet üçün çox böyük əhəmiyyət daşıyır. Magistrlər, həmçinin doktorantlar da laboratoriyalardan istifadə edəcəklər. Laboratoriya onların tədqiqat işini maksimum səmərəli apara bilməsinə kömək edəcək.

 

Lənkəran Dövlət Universitetinin əvvəllər qurulan, sonradan yenilənən kompüter, kimya və biologiya laboratoriyaları da tələbələrin istifadəsindədir.

 

Tədris-təcrübə sahəsi

 

Nəzəri biliklərin təcrübədə tətbiqi sadəcə laboratoriya şəraitində gerçəkləşdirilmir. Lənkəran Dövlət Universiteti tələbələrinin ixtiyarına tədris-təcrübə sahəsi də verib. Aqronomluq və torpaqşünaslıq, o cümlədən meşəçilik ixtisası üzrə təhsil alan tələbələri tədris-təcrübə sahəsində tez-tez görmək olar. Dəmirağacı parkı, limon, portağal, kinkan ağaclarının yetişdirildiyi istixana, istixanadan aralıda, açıq 30 sot ərazidə feyxua bağı, kivi bağı, çay sahəsi də tələbələrin əlinin işi, əməyinin nəticəsidir. Limon, portağal, mandarin istixanadan kənarda, açıq havada da əkilib, istixana isə 4 ildir qurulub. Hələlik böyük həcmdə məhsul verməsə də, tələbələrin təcrübə qazanmasında faydalıdır. Tədris-təcrübə sahəsində bostan bitkiləri də var. Qarpız, yemiş artıq “soyusa” da, balqabaqların barı hələ üstündədir.

 

Yardımçı təsərrüfatın fəhlələri var, ancaq burada əsas işi tələbələr görür. Suvarma damcı üsulu ilə aparılır.

 

Aqrar və torpaqşünaslıq ixtisası yeni olduğundan hələlik yardımçı təsərrüfatın yaradılması mümkün olmayıb. Ancaq 5 hektar torpaq sahəsi alınıb və abadlıq işlərinə başlanılıb. Natiq İbrahimovun sözlərinə görə, burada kənd təsərrüfatı bitkiləri əkiləcək.

 

Bir sözlə, LDU-da tələbələrə torpaqdan səmərəli istifadə etməyi öyrədirlər. Burada çalışırlar ki, tələbələr bitkiyə lazım olan qida elementlərini çatdırmaqla məhsuldarlığı artırsın, məhsulun keyfiyyətini yüksəltsinlər. Məlum məsələdir, universitet tələbəsi məhsulun keyfiyyətini artırmağı öyrəndisə, deməli, universitetin “məhsulu”nun - yetişdirdiyi kadrların da keyfiyyəti yüksələcək.

 

Yeri gəlmişkən, Lənkəran Dövlət Universitetində tələbələrin əlinin bəhrəsinin saxlandığı ayrıca otaq da var. Tələbələrin yetişdirdiyi məhsuldan nümunələrin saxlanıldığı həmin otağın da qapısı açıldı “Azərbaycan müəllimi”nin üzünə. Buğda, arpa, soğan toxumu, sarımsaq... Nə yoxdur ki?

 

“Seaside”

 

Lənkəran Dövlət Universiteti ilə tanışlıq əsnasında təəccübləndirən bir çox detallar oldu. Onlardan biri də LDU- ya aid olan “Seaside”dır. Palıd meşəsinin qırağında 1 hektar ərazidə tikilən “Seaside” LDU-nun həm qonaq evi, həm də tələbələrinin təcrübə sahələrindən biridir. Dənizlə arasında cəmi 200 metr məsafə olan ikimərtəbəli bina turizm obyekti kimi istənilən şəxsə xidmətə hazırdır. Yetər ki, qapısını döyən olsun. Ancaq respublika və beynəlxalq miqyaslı hər hansı tədbir keçirilərsə, universitet üstünlüyü öz qonaqlarını yerləşdirməyə verər və yalnız bu halda kimisə “Seaside”ın qapısından geri qaytara bilərlər. Qalan vaxtlarda qonaqlar tələbə xidməti görər, istər açıq havada, istərsə də yeməkxanada yemək yeyər, birinci mərtəbədə 5, ikinci mərtəbədə yerləşən 8 otaqdan birini seçib dincələ bilər. Otağının pəncərəsinin dənizə, yoxsa palıd meşəsinə açılacağına isə özü qərar verər.

 

Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyevin sözlərinə görə, hələlik məşhurlaşmasa da, belə bir məkan heç yerdə yoxdur: “Ancaq hələlik tam gücü ilə işləmir. Universitet xeyrinə qazanc gətirmir. Çalışırıq ki, buna nail olaq. Nəzərdə tutmuşuq ki, müdirindən və təmizlik işçilərindən savayı bütün işləri tələbələr görsün. Otelin müdiri Əhməd də tələbələrdən yaşca fərqlənmir. Cavan da olsa, bu sahədə peşəkardır”.

 

Bir sözlə, LDU tələbələri qonaq olub-olmamasmdan asılı olmayaraq, hər gün buraya gəlirlər. Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr yemək bişirməyi, turizm üzrə təhsil alanlar isə ixtisasları üzrə xidmətləri öyrənirlər.

 

Yüksək ballı abituriyentlərin seçimi

 

Natiq İbrahimov “Keyfiyyətdə əsas nəticəmiz 4 il sonra bilinəcək”, - desə də, universitetin seçilənlərdən olması görülən işlərin artıq nəticə verməyə başlamasının göstəricisi sayıla bilər. Demək, Lənkəran Dövlət Universitetinin keyfiyyət göstəriciləri yüksəldikcə reytinqi də qalxır. Yüksək reytinq isə böyük seçim deməkdir. Ən yaxşılar - yüksək bal toplayan abituriyentlər tərəfindən seçilməkdir. Özü də seçənlər bilik və bacarıqlarında özünə güvənən, sərbəst qərarlar verən bir nəslin nümayəndələridir. Bir universitet üçün yüksək balla gələn tələbə kadr hazırlığında az zəhmətlə yüksək nəticə deməkdir.

 

“Heç tərəddüd etmədən Lənkəran Dövlət Universitetinin adını qeyd etdim’

 

Aynur Əliyeva universitetə bu sahədə başucalığı gətirəcək tələbələrdən biridir. Orta məktəbi Masallının Kosakül kəndində oxuyub. 645 balla Lənkəran Dövlət Universitetinə daxil olub: “Məndən əvvəl dayım da bu universitetdə oxuyub. Universitet, burada təhsil barədə məlumatlı idim. Ancaq son dəyişiklikləri də izləyirdik.

 

Odur ki, təhsil almaq istədiyim universitetlərin siyahısını hazırlayarkən heç tərəddüd etmədən Lənkəran Dövlət Universitetinin də adını qeyd etdim. Təhsil başlayandan xeyli vaxt keçib. Bütün müəllimlərimizin dərsini dinləmişik. Azərbaycan tarixini bizə tədris edən Həşim Kəlbiyev və Azərbaycan nitq mədəniyyətindən dərs deyən Əlirza Əliyevin hər dərsini səbirsizliklə gözləyirəm”.

 

O, universitetin “Oxu zalı”nm da fəal istifadəçilərindəndir. Buradakı şəraitdən çox razıdır. Təhsilini magistratura pilləsində davam etdirməyi düşünür.

 

“Özümə də, universitetə də güvənirəm!”

 

Aynurun qrup yoldaşı Leyla Heydərova 611 bal toplayaraq tarix müəllimliyi ixtisası üzrə təhsil alır: “Ailəmə, evimə yaxın olan, üstəlik, keyfiyyətli təhsil verən bir universitet kimi Lənkəran Dövlət Universitetini seçdim”.

 

Leylanın bacısı da LDU-nu seçəcək? Tərəddüd etmədən cavab verir: “Yaxşı oxusun, gəlsin!”.

 

Əminliklə deyir ki, bu universitetdə təhsil ala bilmək üçün yaxşı oxumaq, qəbul imtahanlarına qətiyyətlə hazırlaşmaq lazımdır: “Düşünürəm ki, müəllimlik gələcək nəslin, ən əsası, sağlam, bacarıqlı insanların yetişməsi üçün çox vacib peşədir. Bu prosesdə mən də iştirak etmək istəyirəm. Mən də insan, şəxsiyyət yetişdirmək istəyirəm. Məncə, bunu bacararam. Bu peşəyə layiq olduğumu düşünürəm. Bunu tam orta təhsil pilləsinin sonunda əldə etdiyim nəticələrlə təsdiq etdiyim kimi, ali təhsil pilləsini uğurla başa vuraraq da sübut edəcəyəm. Bu universiteti bitirəndə savadlı, bacarıqlı, Azərbaycan məktəbinə layiqli bir müəllim olacağıma şübhəm yoxdur. Çünki özümə də, təhsil almaqda olduğum universitetə də güvənirəm!”.

 

“Layiq olduğum qiymətləri alacağıma şübhəm yoxdur”

 

Süsən Quliyeva isə Lənkəranın Ləj kəndindəndir. Bu il onun bitirdiyi kənd məktəbinin 9 məzunu olub. Dediyinə görə, əvvəlki illərlə müqayisədə məktəbin tələbə adı qazanan məzunlarının sayı bu il daha çox olub. Onların arasında qızlar üstünlük təşkil edib: “Lənkəran Dövlət Universitetini seçdim. “Yüksək balla niyə Lənkəran?”, - deyənlər çox oldu. Ancaq fikrimcə, bu universiteti seçməmək üçün heç bir səbəbim yox idi. Burada da təhsilin keyfiyyəti yüksəlir. Bu barədə rayonumuzda hamı bilir. Dəyişiklikləri maraqla izləyirlər. Keyfiyyətdən danışarkən müəllim amili mənim üçün çox önəmlidir. Müəllimlərin peşəkarlığının artırılması, ya da keyfiyyətin artmağında xidməti ola biləcəyini düşündükləri müəllimlərin universitetə dəvət edilməsi barədə də xəbərdar idim. Ən əsası, rüşvətin qarşısının alınması istiqamətində tədbirlər görüldüyündən hamı danışırdı. Hələ ki, peşman deyiləm. İmtahanlar başlayanda eşitdiklərimi həm də görmək imkanım olacaq. Görəcəyimə inanıram. Çünki bütün müəllimlərin dərsində iştirak etmişəm. Kimya müəllimi Gülbəniz müəllimdən, botanika müəllimi Gülçin müəllimdən çox xoşum gəlir. Obyektiv şəraitdə imtahan verəcəyimə və layiq olduğum qiymətləri alacağıma şübhəm yoxdur”.

 

Süsən gələcəyə dair böyük planlar qurur. Universiteti bitirəcək, sonra təhsilini davam etdirəcək: “Hədəfim odur ki, növbəti təhsil pilləsini xaricdə oxuyum. Müəllim olacağam. Yaşar müəllim kimi müəllim olmaq istəyirəm. Orta məktəbdə biologiyadan mənə dərs deyən həmin müəllimim kimi peşəkar olmaq üçün çox çalışmalıyam”.

 

Köhnə sinif otağında müasir müəllim

 

Gördüyümüz kimi, müəllim təhsilin keyfiyyətində mühüm amil olduğu kimi, tələbələr üçün də əhəmiyyətlidir. Çox vaxt onların nəinki fənnə, ixtisasa, hətta peşəyə münasibətində məhz müəlliminə nə dərəcədə isinişməsi həlledici olur.

 

Rastımıza çıxan auditoriyalardan birinə daxil oluruq. Müasir standartlarda auditoriya deyil, adi sinif otağıdır. Hər halda tədris proqramını yenicə müasirləşdirmiş bir universitetdə bu, heç də təəccüblü deyil.

 

Yeri gəlmişkən, qeyd edək ki, universitetdə müasir auditoriyalar yaxın müddətə hazır olacaq. Nəzərə alsaq ki, növbəti tədris ilində LDU-nun 2 yeni korpusu istifadəyə veriləcək, onda tələbələrin ən müasir auditoriyalarda təhsil alacağı günün o qədər də uzaq olmadığını təsəvvür etmək çətin olmaz.

 

İndi Aynur Rzayevanın dərsindəyik. O, gənc olsa da, artıq baş müəllimdir. Dərsi I kurslardadır. İngilis dilini öyrətməyə aşağı səviyyədən başlayıb. Tələbələrinin ingiliscə biliyindən razı deyil. Ancaq öyrənəcəklərinə əmindir. Çünki özünə güvənir: “Hələlik yenidirlər. Dərs ili cəmi bir aydır başlayıb. Universitetdə təhsil almağın məsuliyyətini hiss edirlər. Dili öyrənməyə maraq göstərirlər. Bu da o deməkdir ki, onlara verilən təhsilin mütləq nəticəsi olacaq”.

 

Lənkəran Dövlət Universteti-doğrudanmı burada “dünya düzəlib”

 

Müəllimlər üçün xidməti mənzillər

 

Ümumiyyətlə, Lənkəran Dövlət Universitetində müəllim amilinə xüsusi diqqət yetirilir. Müəllimlərin gənc, çevik, müasir tələblərlə ayaqlaşa biləninə üstünlük verilir. Elə bunun nəticəsidir ki, rəhbərlikdə təmsil olunanlar da gənclərdir. Natiq İbrahimovun sözlərinə görə, ölkə universitetlərində ən gənc - 33 yaşlı prorektor məhz Lənkəran Dövlət Universitetindədir.

 

LDU-da müəllimə olan tələbat da artıq ödənilib: “Bu tələbatı ödəmək üçün Bakıdan müəllim dəvət etdik. Onlara yüksək əməkhaqqı təyin olundu. Ümumiyyətlə, LDU-da maaş yüksəkdir. Müqayisə üçün deyim ki, universitetimizdə müəllimlərin maaşı 600 manatdan başlayır, Bakıdakı universitetlərdə isə 400 manatdan. Akademiyada çalışaraq 450 manat əməkhaqqı alan dosentə 1000 manat təklif edən kimi qəbul etdi. Əslən bu regiondan olan müəllimləri daimi əsaslarla işə götürdük. Bu yolla universitetin müəllimə olan ehtiyacını ödədik”.

 

Əslən regiondan olsalar da, burada yaşayacaq evi olmayanlar nəzərə alınıb. Həmin müəllimlərin Lənkəranda yaşamasını təmin etmək üçün mənzillər də hazırlanıb: “Respublikada yeganə ali məktəbdir ki, dəvət olunan professor-müəllim heyəti üçün Avropa standartlarına uyğun müasir tipli 6 xidməti mənzil inşa edilib. Hər mənzilin 2 otağı, mətbəxi, hamamı var”.

 

LDU-nun 2 saylı tədris korpusunun ərazisində inşa olunan həmin mənzillərdən birinin qonağıyıq. Ev sahibi, LDU-nun müəllimi Ülviyyə Mirzəyeva Bakı Slavyan Universitetinin doktorantıdır. Rus dilinin tədrisi metodikası ixtisası üzrə təhsilini davam etdirir: “Bakıda 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində çalışırdım. Konfransda iştirak etmək üçün LDU-ya gəlmişdim. Burada müəllimlər üçün yaradılan şəraiti gördükdən sonra qalıb işləmək istədim. Müraciətim müsbət dəyərləndirildi və bir müddət mütəxəssis kimi fəaliyyət göstərdim. Artıq Beynəlxalq əməkdaşlıq şöbəsində müdir müaviniyəm. Buraya anamla gəldim. Boş vaxtlarımızda məşğul olmağımız üçün mənzillərimizin qarşısında kiçik torpaq sahəsi də ayrılıb. Ancaq torpaqla məşğul olmağa vaxt tapmıram. Burada yaradılan şəraitdən, mühitdən çox razıyam”.

 

Lənkərana dəvət edilən müəllimlər üçün LDU-nun tələbə qızlar yataqxanasında da mənzillər ayrılıb.

 

Tələbələr üçün yataqxanalar

 

 Lənkəran Dövlət Universteti-doğrudanmı burada “dünya düzəlib”

 

Bəli, məhz yataqxanalar.

 

LDU sadəcə müəllimlərin deyil, elə tələbələrinin də qayğısına qalır. Tələbə qızlar üçün şəhərin ən yaxşı yerində 50 nəfərlik bir yataqxana binası hazırda istifadədir. Həmin binada qızlar yaşayır. Yataqxana üçün avtobus belə ayrılıb. Tələbə qızlar dərsə həmin avtobusla gəlir. Bu, onların dərsə gecikməsinin qarşısını almaq üçün düşünülüb.

 

Növbəti tədris ilinə daha bir yataqxana istifadəyə veriləcək. Tikintisinə yenicə başlanan yataqxana binası oğlanlar üçün nəzərdə tutulub. 160 nəfərlik bu yataqxananın tikildiyi ərazidə Lənkəran Dövlət Universiteti üçün bir korpus da tikilir. Qeyd edək ki, hazırda LDU- nun birinci korpusuna əlavə olaraq yeni binanın da tikintisi davam edir. Bu ilin dekabnnadək həmin korpus istifadəyə veriləcək.

 

Bu universitetin mühiti də fərqlənəcək

 

Tədris çox önəmlidir. Ancaq onun aparıldığı mühit də tədrisdən az əhəmiyyət kəsb etmir. Axı, yetişdirilən kadrların verilən bilik və bacarıqları necə mənimsəməsi mühitdən çox asılıdır. Deməli, təhsilin keyfiyyətinin artırılmasında mühit elə tədris qədər əhəmiyyətlidir. Bunu nəzərə alan rektor əvəzi Natiq İbrahimov sözügedən amilə xüsusi diqqət yetirdiyini deyir:  “Korpuslarımız, yeməkxanamız, müəllimlər üçün evlərimiz, tələbələrimizin yaşadığı yataqxanalarımız var. Düşündüyüm tələbə dünyasını qurmağa çalışıram. Universitetə daxil olan tələbə bu mühitdə ona lazım olan hər şeyi tapmalıdır. Yataqxanası, yeməkxanası, oxu zalı, hətta gecə-gündüz yanında olan müəllimi. Kafemiz var. Tələbələrimiz yorulanda, boş vaxtlarında yeməkxanamızın xidmətindən istifadə edirlər. Sadəcə tələbələr deyil, elə biz müəllimlər də. Dəfələrlə onlarla çay içmişəm, söhbət etmişəm, birgə vaxt keçirmişəm. Düzdür, bu mühitə hələlik bəzi müəllimlərimiz alışa bilmir. Tələbələrimizlə eyni vaxtda, eyni yerdə oturub çay içməyin kompleksini hiss edirlər. Ancaq düşünürəm ki, yavaş-yavaş onlar da bu komplekslərini aşacaqlar. Ancaq mənimlə də, prorektor İdrak müəllimlə də tələbələrimiz heç bir narahatlıq yaşamır. İstənilən vaxt yaxınlaşa, maraqlandıqları məsələ ilə bağlı danışa bilirlər”.

 

Bir sözlə, Azərbaycanda qurulmaqda olan bu universitetin mühiti də fərqlənəcək. Elə bir mühit yaranacaq ki, bu, tələbə ilə müəllimin işləməsi üçün də əlverişli olacaq.

 

Tarixə ekskursiya

 Lənkəran Dövlət Universitetində Tarix Muzeyi də var. Müasir mühitdən xəbərdar olan tələbə gənclər üçün keçmişi də əyani görmək çətin deyil.

Leyla Məcidova tarix üzrə fəlsəfə doktorudur. 24 ildən artıqdır ki, LDU-da çalışır. Tarix müəllimi olan babasının şəxsi kolleksiyasından muzey təşkil edib. Burada nə yoxdur ki?

 

 Mezolit dövrünə aid qədim təbii daşlardan xırda bəzək əşyaları diqqətimizi çəkir. Həmin əşyalar 1978-ci il professor Əsədulla Cəfərov tərəfindən tədqiq olunan, Lerik rayonunda yerləşən mağarada tapılıb.

 

Leyla Məcidova orta əsrlərə aid boyalı qablar mədəniyyətindən, ilk - kömür ütülərindən danışır. İlk saxsı çıraqlar, XIX əsrə aid lampalar, XIX əsrə aid Mir Möhsün Nəwabın şəxsi güldanları, Mir Haşım Talışlınm Masallıda qoz ağacından düzəldilən və artıq 100 ili tamam olan beşiyi, Lənkəran xanının xanımı Tuqra xanımın güzgüsü, əl dəyirmanı, talış zənbilləri, yun əyirmək üçün cəhrə və talış etnoqrafiyasına aid bir çox nümunələr barədə birnəfəsə danışaraq, muzeydəki hər eksponat barədə bacardıqca daha çox məlumat verməyə tələsir. XII əsrə aid olan pullara çatanda onu necə xilas etdiklərini xatırladır: “Mis pullar Kəsranilər dövrünə aiddir. Bəlləbir qalasından tapılan həmin pulları fəhlələr satırdı. Natiq müəllimin dəstəyi ilə universitetimiz aldı. Muzeyimizdə hər dövrə aid nümunə var. Erkən tunc dövründən başlayaraq yeni dövrə qədər nümunələrlə zənginləşdirmişik”.

 

Bu il LDU-nun kadrlarına tələbat daha da artıb

 

Ot kökü üstündə bitən kimi, bu universitetin məzunları da tarixi keçmişinə bağlı bir şəkildə yetişdirilərək ixtisasının peşəkarına çevrilir. Bunun da nəticəsi əmək bazarında kadrlarına artan tələbatda özünü göstərir.

 

İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Allahşükür Quliyevin sözlərinə görə, Lənkəran Dövlət Universitetini pedaqoji ixtisaslar üzrə bitirən məzunlardan 2016-cı ildə müəllimlərin işə qəbulu müsabiqəsində 43 nəfər, 2017-ci ildə 28 nəfər işlə təmin olunub.

 

Həmçinin Lənkəran Dövlət Universiteti və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi keçirilən “Məzun yarmarkası”nda rayon məşğulluq idarəsinin və işəgötürən təşkilatların təmsilçilərinin iştirakı ilə məzunların işlə təmin olunmasında mühüm işlər görülüb. Belə ki, 2017-ci ildə keçirilən məzun yarmarkasında işəgötürənlər tərəfindən 140, 2018-ci ildə isə 250 vakant yer təklif olunub və universitetin məzunları həmin vakant yerlərə işə qəbul olunublar. Bundan əlavə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional bölməsində builki məzunlardan 6 nəfər işə götürülüb. Keçən-ilki məzunlardan 6 nəfər Ekologiya və Təbii Sərvətlər şöbəsində işlə təmin olunub.

 

İşlə təmin olunan məzunlardan əsasən istehsalat, maliyyə və sığorta, aqrar sahənin inkişafı və pedaqoji fəaliyyətlə məşğul olanlar üstünlük təşkil edib.

 

Universitetin məzunlarının işlə təmin olunması məsələsi ilə bağlı Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində “Təcrübə, potensial inkişaf və karyera” bölməsi yaradılıb. Bölmə tərəfindən məzunlarla daimi əlaqələr qurulur və onların iş fəaliyyəti, karyera inkişafı ilə bağlı məlumatlar toplanılıb analiz olunur. Bölgədə yerləşən dövlət və özəl müəssisə, təşkilatlarda mövcud olan vakant yerlərlə bağlı onlara məlumat verilir, işlə təmin olunması istiqamətində mümkün olan kömək göstərilir.

 

Lənkəran Dövlət Universiteti yetirmələri ilə öyünə bilər. Sadəcə, pedaqoji deyil, aqrar, iqtisadiyyat, biznes sahələri üçün kadr hazırlayan LDU bu vəzifəsinin öhdəsindən gəlir. Artıq bir çox iş yerləri də bunun fərqindədir. Elə bunun nəticəsidir ki, bu il universitetin kadrlarına tələbat daha da artıb. Nəinki regionda, elə ölkə səviyyəsində LDU yetirmələrinin işlə təminatında ürəkaçan məqamlar var.

 

Natiq müəllim deyir ki, elə universitetdə də vəzifə və elm pilləsində yüksələnlər, dekan vəzifəsində çalışan, fəlsəfə doktoru olan LDU məzunları var.

 

Bütün bu göstəricilərin, inkişafın isə bir izahı var: Bu inkişaf “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nm qəbulundan ötən müddət ərzində ölkəmizin təhsil sistemində aparılan islahatların, davamlı tədbirlərin nəticəsidir.

 

Ruhiyyə Daşsalahlı

Lənkəran Dövlət Universteti-doğrudanmı burada “dünya düzəlib”

Lənkəran Dövlət Universteti-doğrudanmı burada “dünya düzəlib”

Lənkəran Dövlət Universteti-doğrudanmı burada “dünya düzəlib”

Lənkəran Dövlət Universteti-doğrudanmı burada “dünya düzəlib”

 

 

   

 

R4suloffR4suloff

OXUNMA SAYI :718

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az