Məktəb direktoru həbs olundu


Həmçinin Kürdəbaz məktəbinin sabiq direktorunun oğlu da onunla birlikdə azadlıqdan məhrum edildi
Məktəb direktoru həbs olundu
31 iyul 2015-ci il tarixdə Masallı Rayon Məhkəməsinin çıxartdığı hökmdən bəlli olur ki, məktəb direktoru ictimai yerdə dava salıb. Bu olay 20 noyabr 2014-cü ildə Masallı rayonunun Kürdəbaz kəndində (bu kənd Masallı rayonunun Qarğalıq Ərazi Vahidinə daxildir və Göytəpə-Qızılağac avtomobil yolunun kənarında yerləşir.), gündüz saat 13 radələrində baş verib.
Hadisəni törədənlər Kürdəbaz kənd əsas məktəbinin direktoru Əlzaman Bədirov və həmin məktəbin sabiq direktoru Ərzuman Gözəlovun oğlu Gözəlov Valeh olmuşdur.
Təqsirləndirilən şəxs – Valeh Gözəlov (sabiq direktorun oğlu) məhkəmədəki ifadəsində bildirib ki, məktəb direktoru Əlzaman Bədirov günorta vaxtı maşını onların dükanı qarşısında saxlayıb. “Bu vaxt ona dedim ki, Əlzaman müəllim, noyabrın 18-də niyə maşını mənim üstümə sürürdün, az qalmışdı bizi öldürəcəkdin. Əlzaman isə uca səslə qışqıraraq: ”Yaxşı etmişəm, maşını sizin üstünüzə sürmüşəm, mağazanızı sökdürəcəyəm, sizə də imkan verməyəcəm ki, burada dükan işlədəsiniz”, - dedi. Bundan sonra Valehin atası, sabiq məktəb direktoru Ərzuman oğlu Valehlə Əlzamanı bir-birindən aralaşdırmaq istəsə də, bu, mümkün olmamışdır. Valeh Gözəlovun bildirdiyinə görə, Ə. Bədirov öz maşınına tərəf gedib, oradan ağac parçasından olan dəyənək götürmüş və onu atasının sol buduna vurmuşdur. Daha sonra Valeh atasının müdafiəsinə qalxmış, Əlzamanla tutuşmuş, Əzaman da yerə yıxılaraq başı daşa dəymişdir. 5 dəqiqə davam edən bu davada hər iki tərəf bir-birlərini ictimaiyyət qarşısında ağır söyüşlərlə təhqir etmişlər. Bütün bunlar Valeh Gözəlovun məhkəmədəki ifadəsindəndir.
Digərr təqsirli bilinən şəxs, məktəb direktory Əlzaman Bədirov isə bildirib ki, 20 noyabr 2015-ci il tarixində, saat 13 radələrində Valeh onun maşınına əl edərək saxlatdırıb, maçından yerə düşərkən Valeh ona: “Ay oğraş, sən məndən yazırsan? ”- demiş, mən isə həmin vaxt Valehə: “Sənin oğraş dədən mənim oğlumdan yazır, mən də səndən yazıram”,- demişəm. “Sonra Valeh mənə yaxınlaşıb başımın sağ hissəsindən yumruqla vurmuş, həmin zərbənin təsirindən avtomobilimə söykənərək dayanmışam. Özünü müdafiə məqsədi ilə maşından götürdüyüm taxta parçasını sağa-sola yellətsəm də, heç kimi vurmamışam. Sonra Valeh mənim sağ tərəfindən üstünə cumub yerdən götürdüyü alətlə sifətimin sağ tərəfindən zərbələr vurmuşdur. Bundan sonra yenidən huşsuz vəziyyətə düşüb, sonra ayılaraq maşınıma minib evə getmişəm”.
Bunlar təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələrindəndir.
Daha sonra 10-a yaxın şahid dindirilib.
Hər iki tərəfin xeyrinə olan ifadələr də var, yayğın ifadələr də.
Məhkəmə isə Valeh Gözəlovun özünü qismən təqsirli bilməsi, Əlzaman Bədirovun özünü təqsirli bilməməsi haqqında ifadələr verməsinə baxmayaraq şahidlərin ifadəsini, məhkəmə-ekspert rəylərini və digər amilləri, bir-birinə zidd məqamları nəzərə alaraq belə hesab edib ki, bunlar özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirilməlidir və belə də qiymətləndirilib.
Beləliklə, ictimai yerdə xuliqanlıq etdiklərinə görə Kürdəbaz məktəbinin direktoru Əlzaman Bədirov 3 il, həmin məktəbin sabiq direktorunun oğlu Valeh Gözəlov isə 6 ay azadlıqdan məhrum edilib.
Biz bu olayla bağlı bəzi araşdırmalar da apardıq. Cəmi 500-600 əhalisi olan bu kənd bir çox hallarda narazılıqların ünvanı olub.
Hazırda 6 ay həbs cəzası alan Valeh Gözəlovun atası Arzuman Gözəlov əvvəlki illərdə məktəb direktoru işləyib.
Əlzaman Bədirovun da maraqlı tərcümeyi-halı var. 1959-cu ildə anadan olan bu şəxs ali təhsilli coqrafiya müəllimidir. Vaxti ilə iş o həddə çatıb ki, hazırkı (həbs edilən) məktəb direktoru bu məktəbdən hətta müəllimlikdən xaric edilib. Müxtəlif yerlərə aramsız şikayətlərdən sonra o, yenidən müəllimliyə qayıdıb. Daha sonra müavin, sonra isə məktəb direktoru olub.
Verilən məlumatlara görə Ə. Bədirov müxtəlif idarələrə ardıcıl şikayətlər etməklə hamıda bir qorxu hissi yaratmağa çalışıb.
Ümumiyyətlə, həbs edilən direktorla bağlı redaksiyaya əksəri neqativ olmaqla xeyli ziddiyyətli məlumatlar daxil olub. Lakin Ə. Bədirovun hazırda həbsdə olduğunu və qarşı tərəf kimi fikrini öyrənmək imkanımız olmadığı üçün hələ ki, həmin məlumatları işıqlandırmırıq. Harada olmasından asılı olmayaraq Ə. Bədirovun, yaxud onun təmsilçilərinin, qohumunun, vəkilinin də fikirlərinə qəzetimizdə yer ayırmağa hazırıq.
Sonda onu da qeyd edək ki, müəllimlikdən xaric edilən şəxsin Masallı Təhsil şöbəsinin müdiri Astan İbişov tərəfindən məktəb direktoru təyin edilməsi də maraqlı suallar doğurur.
Hazırladı: TuralR4suloffR4suloff

OXUNMA SAYI :5623

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az