[Yenilənib] İbişovsuz və İbişovlu Masallı təhsili


[Yenilənib] İbişovsuz və İbişovlu Masallı təhsili
Bir az da 30-a qədər direktor yeri boş qalan Masallı məktəbləri barədə.

Hər yerin özünə məxsus bir gülməşəkər kadrı olur. Masallıda da bu “titul” 7 ilə yaxın 220 minə yaxın əhalisi olan Masallının təhsilinə rəhbərlik edən Astan İbişovun payına düşür. Adətən, deyirlər ki, gedənin dalınca danışmazlar. Amma bizə elə gəlir ki, həmin kadr vəzifədə olan vaxt onun haqqında biabırçı nöqsanları aşkarlayanların və yazanların bunları deməyə haqqı var. Bu barədə “bəraət” kağızını gözləmədən mətləbə keçirəm.

Astan İbişov vəzifədən niyə getdi? Rüşvət almağın da, verməyin də ətrafımızda adi bir iş olduğu məqamda İbişov və onun kimilər meydandan niyə getməli idi ki? Kimdən pis “alırdı”, yaxud kimdən pis “paylaşırdı”? Bəlkə hansısa oyun qaydalarında səhvə yol verib? Axı, deyirlər, pul ala bilmək də, verə bilmək də bir elmdir.
... Keçən ilin may ayından başlayaraq Masallıda müəllimlərdən yoxlama adı ilə kütləvi şəkildə 50-100 manat arası pul yığılmağa başladı. Biz bu barədə “Cənub xəbərləri” qəzetində “Şayiədir, ya doğru?” adlı geniş yazı ilə çıxış etdik. (Həmin yazının saytımızdakl linkini yazıya əlavə edirəm -http://cenubxeberleri.com/ 2015/05/28/). Kimsə yazıdakı göz deşən nöqsanları təkzib etmək gücündə olmadı. Elə dedilər, onu çıxardacaqlar, bunu çıxardacaqlar, amma konkret nəticələr görünmədi. Bir qədər sonra bu yoxlamalar başqa formada təkrarlandı. Bəzi məktəb direktorları haqqında “qara” xəbərlər dolaşdı. (Adlarını yaza bilmirəm, şair demişkən, “ya dost çıxır, ya qardaş çıxır”).
Bu ilin iyun ayında isə Astan İbişovun vəzifədən çıxması barədə məlumat təsdiqləndi. Yəni, mayın 23-də nazirlik çıxmaq əmri verib. 10 gün yeryığdı edəndən sonra , o, vəzifəsi ilə vidalaşıb. Onu hansı “qara yellər” apardı?
Təbii ki, ortada Astan müəllimin “öz ərizəsi” var. Lakin Astan müəllim təhsili, yaxud da onun şöbəsindəki kreslosunu o qədər çox sevirdi ki, bir mahnıda deyilmişkən, “şirin canından keçər”, amma öz xoşu ilə o kreslodan, o cah-calaldan keçməzdi.
Bəs ortada dolaşan şayiələr (bəlkə də həqiqətlər) hansılardır? Necə deyərlər, bəziləri deyir ki, Astan müəllim əvvəlki ənənələrinə sadiq qalaraq guya ötən ilin may ayında müəllimlərdən “Əsrin ən böyük rüşvət” kompaniyası adı altında yığdığı 250 min manatın “sağa” və “sola” çatacaq hissələrini lazımi ünvanlara lazımi miqdarda çatdırmayıb. Qısası, əvvəlki ənənələrinə uyğun “atıb”. (Bu sahədə çoxlu misallar var).
2-ci rəvayətdə isə bildirilir ki, nazir yanında son haqq-hesab məclisində, yoxlama aparılan təhsil şöbə müdirlərinin toplantısında, bəlkə də tək-tək görüşündə ölkənin Baş müəlliminin “yoxlamalara görə sizdən pul alınıbmı?” sualına digərlər duyuq düşüb, “yox” desə də, Astan müəllim, deyilənlərə görə, “necə lazımdır xəcalətlərindən çıxmışıq, lazımınca yola salmışıq” deyərək, özünü “yandırıb”. (Halbuki, deyilənlərə görə yoxlayıcılar ondan aldıqlarını manatına qədər qaytarıb və centlmen razılığa gəlibmişlər ki, onları satmasın)
Bundan sonra zibil çıxıb dizə. Nazir təkidlə Astan İbişovun vəzifədən kənarlaşdırılmasını tələb edib. 2-ci təqdimatdan sonra rayon rəhbərliyi İbişovun gedişini reallaşdırıb. Bundan əlavə nazirin Masallıda yoxlama aparanları da vəzifədən kənarlaşdırdığı bildirilir. (Mən deyirdim də, nazirin bu işlərdən xəbəri yoxdur)
Hələ deyirlər ki, Astan müəllim indi siyahı tutur və haram yeyə bilmədiyi üçün istəyir ki, həmin yığılıb sonra qaytarılan pulları məktəb direktorlarına paylasın, onlar da həmin pulu müəllimlər arasında böləcək. (Axırıncı sətirləri zarafat edirəm, onları yuxuda görmüşdüm.)
Bax, beləcə Astan müəllim getdi “kütə”. Onun haqqında “yemədi, getdi” demək, günah olardı, rayonun sabiq baş müəllimi həqiqi mənada “yeyə-yeyə” getdi. Ən azı gedişinin sonuncu günlərində qəzet pullarının onunla birlikdə gedər-gəlməzə getdiyi bildirilir. Guya o deyib ki, onsuz da müəllimlər qəzet oxumur, bu pula 30-40 baş ala-bula dana alaram. (Abunə haqqı isə elə də çox deyil - Masallı müəllimlərinin 1 aylıq əmək haqqının, 1,5 milyon manatlıq pulun 10 faizi, təxminən 150 min manat. (Deyəsən, bu qəzet pulu məsələsini bir dəfə də “qıdılayacağıq”)
Dostları danışır ki, Astan müəllim indi böyük qüssə içərisindədir. O, dünya standartlarına uyğun, kondisionerli, LCD televizorlu 71 metrlik fermasındakı “Qırmızı guşədə” xəyallara dalıb, ümid edir ki, vaxt gələcək, Masallının xaraba məktəbləri də bu ferma və onun Bakının mərkəzindəki bəzi imarətlər kimi gözəl olacaq.
O cümlədən Masallı müəllimləri humanistlik göstərərək Astan müəllimə vida məktubunda bildiriblər ki, bizim pulumuzla tikdiyin apteklər, dükanlar, villalar, aldığın sonu 600 rəqəmi ilə bitən 3 Hündür, xarici maşın, hansı ki, onun nömrələri bizim maşınımızdan bahadır halal xoşun olsun.
Qaldı ki, Astan müəllimin təhsilə vurduğu sağalmaz yaralar barədə bilgilərə - elə “Cənub xəbərləri”-nin səhifələrini varaqlamağınız, yaxud qəzetin “cenubxeberleri.com” saytının “Təhsil” bölümünə girməyiniz kifayətdir.
Astan müəllimin tərk etdiyi Təhsil Şöbə müdirliyi postuna hazırda sabiq müavini Tariyel Əkbərov sahiblik edir. Hamıya elə gəlir ki, o vəzifədə İbişovdan pis işləmək mümkün deyil. Onun dövründə bütün saxtakarlıqlar, rüşvətxorluqlar, alıb-aldatmaqlar yüksək səviyyədə sınaqdan keçirilib. Müəllimlər numrəddinə şükür eləyib. Ən pis işləyən, ən azı ondan yaxşı işləyəcək. (Biz isə hələlik yeni müdirin 100 günün tamamını gözləyirik).
Onu da deyim ki, Masallı Təhsil Şöbəsində yaşı 65-i ötmüş bir neçəsi ilə (Soltanağa Cəfərov, Hüseyn Hüseynov, Əyyar Burhanov və Akif Məmmədov yeni müdir yolların ayırıb. “Köhnə”lərdən orada hələlik Q. Fətullayev qalıb).
Sonda isə hazırda boş olan 30-a yaxın məktəb direktor kreslosu barədə. (Masallıda cəmi 99 məktəb var). 2 direktor dərs ili dövründə vəfat edib (Mololon, Musaküçə), 5-6-sı, əsasən şəhər məktəblərinin direktorları yaşa və işlərində ciddi nöqsanlara görə vəzifələri ilə vidalaşıb. İsgəndərli və Digah orta məktəbləri də nöqsanlılar sırasındadır Bu və ya digər səbəblərdən məktəb direktorlarını itirən təhsil ocaqları sırasına Güllütəpə, Köhnə Alvadı, Xırmandalı, Həsənli, Qəriblər, Kəlbhüseyinli, Binə Xocavar, Şərəfə, Yeddioymaq, (ərazisindəki bütün məktəblər-Yeddioymaq 1, Yeddioymaq-2, Qasımlı və qonşu Şıxlar məktəbləri), Tüklə, Ərkivan 1 saylı və digər məktəblər daxildir.

Çünki, biz İbişovu unutmamışıq və unuda bilmərik.
Sonda lətifəfason bir söhbət.
İki təhsil şöbə müdirindən soruşurlar ki, təhsili niyə görə “Xəzinə” adlandırırlar?
Biri deyir, təhsil varsa, elm var, kəşflər var, mədəniyyət var, millət var... və sairə.
Astan müəllim isə daha orijinal cavab verib:
-Təhsil sahəsini deyə bilmərəm, amma məktəblər həqiqi mənada “xəzinədir” – burada saxta siniflər var, saxta ezamiyyətlər var, saxta kurslar, nə bilim adı olub özü olmayan dərnəklər, laboratoriyalar, çırpışdırmalar, aylıqlar, “atanşiklik”, həftədə 8 dəfə pul yığmaq üçün keçirilən iclaslar, necə deyərlər, qalanını da başa düşürsünüz də, daha nə-lə-lər və nə-lə-lər...
Sərraf

Təhsildən son məlumatlar
Son məlumatlara görə Təhsil Şöbəsinin kadr üzrə inspektoru Saleh Nəzərov vəzifəsindən uzaqlaşdırılıb. Həmçinin Təhsil Şöbəsinin uzun müddət baş Sonra isə adi mühasibi olmuş Rasim Nurullayevm öz ərizəsi ilə vəzifəsindən azad edilmişdir.

Bundan əvvəl isə Masallı təhsilindən müqavilə kompaniyası yeni müdirin qələbəsi ilə bitib. Belə ki, qanuna zidd olaraq Təhsil nazirliyinin müsabiqəsindən keçməyib, köhnə müdirin xeyir-duası ilə, qanunsuz olaraq işə qəbul edilən 300-ə yaxın müəllimlə müqaviləyə xitam verilib. Onlar növbəti müsabiqədən sonra yenidən müəllimlik edə bilərlər.
Kadr şöbəsi üzrə inspektorun vəzifədən kənarlaşdırılması, müqavilələrin ləğv İbişov üçün heç də xoş günlər vəd etmir. Bəziləri hətta onun həbs oluna biləcəyini söyləyir. Hazırda isə ona şəhər 3 saylı məktəbin direktorluğu həvalə edilib ki, deyilənə görə bu da onun rayondan qaça bilməməsi üçündür.R4suloffR4suloff

OXUNMA SAYI :2884

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az