Masallıda “Direktorluq müsabiqəsi” komediyası


Namizədlər harada “radar”a düşür?


Qarğalıq tam orta məktəbinin kimya müəllimi Təhsil Şöbə Müdiri Tariyel Əkbərovu nələrdə ittiham edir?

Diaqnostik qiymətləndirmədə 60 mümkün baldan 58 bal toplayan Əlipaşa Rəhimov niyə arzuolunmaz şəxsə çevrilib?



30 iyun 2017-ci ildə Masallı rayonundakı Qarğalıq tam orta məktəbinin kimya müəllimi Eynulla Zalıyev redaksiyaya gəlmişdi.

Onun dediklərini kiçik ixtisarla sizə təqdim edirik:


Masallıda “Direktorluq müsabiqəsi”  komediyası


- 38 ildir ki, müəllim işləyirəm. Əsas iş yerim Qarğalıq tam orta məktəbi olsa da, 14 il öncə Mirqabil Hüseynovun dəvəti ilə həmin məktəbə gəlib, burada da yarımştat dərs götürmüşəm.

Müəllim kimi fəaliyyətimdən heç vaxt nə valideynlər, nə də şagirdlər narazı olmayıb. Əksinə həmişə tədris etdiyim dərslərin keyfiyyətindən, uşaqlarla rəftarımdan razılıq ediblər.

Hətta 4 il öncə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov özü qabaqcıl müəllim kimi mənə mükafat verib.

Masallıda “Direktorluq müsabiqəsi”  komediyası


İş elə gətirib ki, hazırda çalışdığım hər iki məktəbdə direktor yeri boşalıb. Mən də müvafiq qaydalara uyğun olaraq, direktorluq müsabiqəsinə qatılmaq arzusu ilə 4 məktəbi (Qarğalıq, Şəhər 1, Şəhər 2, şəhər 5 (İsgəndərli tam orta məktəbləri)) anketdə qeyd etməklə müsabiqəyə sənəd təqdim etdim.

Onu da qeyd edim ki, Qarğalıq məktəbinin pedaqoji kollektivi məni dəstəkləyərək olduqca müsbət xasiyyətnamə verdi və mənə görə heç kim namizədliyini irəli sürmədi.
Lakin 14 il çalışdığım 1 saylı Şəhər tam orta məktəbi mənə xasiyyətnamə vermədi.

Nə isə, direktorluq müsabiqəsinin imtahanlarına hazırlaşdığım məqamda Təhsil Nazirliyindən məlumat aldım ki, mənim direktorluq müsabiqəsinə qatılmağım məqsədəuyğun sayılmayıb.

Haqqımı tələb etmək üçün əlaqədar təşkilatlara müraciət etdim. Təhsil Nazirliyi növbəti məlumatlandırmada mənə bildirdi ki, sizin haqqınızda rayonunuzdan mənfi rəy gəlib. Həmin ərəfədə axşam saat təxminən 10:00 radələrində təhsil şöbə müdiri ev telefonuma zəng vurub xeyli dil töksə də, mən tələbimdə israrlı olduğumu bildirdim.

Dolayısıyla mənə bəlli olur ki, əsas günahım 10 il öncə siyasi fəaliyyətlə məşğul olmağımdır.

1-ci mən 10 ildən artıqdır ki, siyasi fəaliyyətimə son qoymuşam.
2-ci ölkəmiz Konstitusiyaya uyğun olaraq çoxpartiyalı sistemə keçib və kiminsə siyasi fəaliyyətlə, o cümlədən müxalif yönlü partiya ilə əməkdaşlıq etməsi qanunsuz sayılmır.
3-cü, mən belə təhlükəli adamamsa məni niyə rayonun ən çoxsaylı məktəbində müəllim saxlayırlar.

Yuxarıda qeyd etdim ki, mən Qarğalıq kəndindən bu vəzifəyə yeganə namizədəm. Əgər mən direktorluq müsabiqəsinə buraxılmayacağamsa, deməli, orada direktorluq yeri ən azı 1 il boş qalacaqdır.

Eləcə də şəhər 1 saylı məktəbinə yaxın illərdə real direktorun rəhbərliyi böyük sual altındadır.


Xatırladım ki, Masallıda yerli hakimiyyətin çərçivəsinə uyğun olmayan namizədin sıradan çıxarılması 1-ci dəfə deyil. Ötən il, elə mənim həmkəndlim Fizuli müəllim 60 mümkün baldan 55 bal yığaraq ölkə üzrə 5-ci nəticə göstərmişdi. 1 saylı məktəbə direktorluğa namizəd idi. Bütün mərhələlərdən uğurla keçmişdi. Qanunları açıq-aşkar ayaq altına ataraq ona qanuni haqqını almağa imkan vermədilər.

Mənim haqqımın tapdalanmasında Masallı Təhsil Şöbəsinin müdiri və digər rəsmi şəxslər günahkardır.

Onun işi-gücü “kruqu” ilə birgə məktəblərdən zorla qəzet pulu yığıb, himayədarları ilə bölüşmək , qısası məktəbləri çapıb-talamaqdır.

Öz qanuni haqlarımı tələb etməkdə israrlıyam.
Öncə mənim haqqımda verilmiş mənfi rəyi əldə edib, sonra Təhsil Şöbə müdiri Tariyel Əkbərovu məhkəməyə verəcəyəm.
Eləcə də direktor müsabiqəsindəki, Masallı təhsilindəki biabırçılıqlar barədə korrupsiya idarəsindən tutmuş, digər əlaqədar təşkilatlaradək müraciət edəcəyəm.

60 mümkün baldan 58 bal yığan müəllimə niyə “qırmızı” vərəqə göstərildi?


Masallı Rayonun Tüklə tam orta məktəbinin müəllimi Əlipaşa Rəhimov da eyni aqibətlə üzləşib.

Öncə ona mesaj gəlib ki, siz növbəti mərhələyə keçmək hüququ qazanmısınız. 2 gün sonra yazdıqlarına peşiman olan Təhsil Nazirliyi təkrar mesaj yollayıb ki, sizin direktorluq müsabiqəsinə buraxılmanız məqsədəuyğun sayılmayıb.

Təkidli səylərdən sonra öyrənib ki, rayondan göndərilmiş rəydə o da arzuolunmaz şəxs hesab edilib.


Əlipaşa müəllimin dedikləri:

Masallıda “Direktorluq müsabiqəsi”  komediyası


- 59 yaşım var. 37 ildir ki, pedaqoji sahədə çalışıram.

90-ci illərdə yaşadığım kənddə “Kənd Soveti” seçilmişəm, sonralar struktur dəyişəndə də ərazi nümayəndəsi təyin olunmuş, o vəzifədə qüsursuz işləmişəm.

Həmin vaxtlar məni təkidlə məktəb direktoru vermək istəyirdilər, bir dəfə hətta əmr də imzalamışdılar. Lakin istəmədim.

İndi görürəm ki, göz görə-görə kəndimdə təhsil məhv olur, gözəl ənənələri, uğurları olan məktəbimiz təsadüfi adamlara etibar edilmək üzrədir.

Buna görə kollektivin, kənd sakinlərinin təkidi ilə bu müsabiqəyə qatılmaq qərarına gəldim.
Elə bilirəm ki, buna mənim haqqım var.

Müəllimlərin diaqnostik qiymətləndirilməsində 60 mümkün baldan 58 bal toplamışam. İndiyə qədər nəinki dərs buraxmamış, heç sinifdə olduğum 45 dəqiqənin 1 dəqiqəsini belə şagirdlərdən “kəsməmişəm”.
Necə imanlı, necə namuslu adam olduğumu, hansı mədəniyyətə, intellektə sahib olduğumu bütün kənd bilir.


Azərbaycan qanunları çərçivəsində haqqımı tələb edəcəyəm. Hələ ki, təhsil işçilərinin hərəsi bir hava çalır.

Hazırda sənədləri məhkəməyə hazırlayıram. Haqqımı tələb etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəyəm.


Olayla bağlı Masallı Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun da rəyini soruşduq.

O bildirdi ki, direktorluq üçün müsabiqəyə sənəd göndərənlərə rəy vermək üçün xüsusi komissiya işləyir və onların gəldiyi qənaətə görə namizədlərə rəy verilir.
Müəllimin diaqnostik qiymətləndirmədə yüksək bal yığması hələ onun idarəetməni yaxşı bilməsi demək deyildir.
Narazı şəxslərin müvafiq orqanlara müraciət etməsi həmin şəxslərin hüququdur, onlar istənilən vaxtı bu hüquqlarından faydalana bilərlər.
Mən mənfi rəy almış bir neçə müəllimlə görüşmüş və bu qaydaları onlara izah etmişəm
.


AynurR4suloffR4suloff

OXUNMA SAYI :2044

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff